“Rusiya nüvə doktrinasında dəyişiklik Avropa üçün xəbərdarlıqdır” - Rəşad Bayramov

"Taker Karlsonun dedikləri, Rusiyanın nüvə doktrinasında dəyişiklik etməsi və Avropa dövlətlərini, xüsusilə nüvə silahına malik olmayan ölkələri potensial hədəf kimi görməsi barədə bildirdiyi fikirlər regionda strateji balans və nüvə təhlükəsizliyi məsələlərini bir daha aktuallaşdırır. Karlson xüsusilə Almaniyanı nüvə silahına malik olmayan, lakin nüvə silahı olan dövlətlərin proksisi rolunu oynayan ölkə kimi göstərir. Bu isə Rusiyanın qabaqlayıcı zərbə ehtimalı ilə əsaslandırılan siyasətinin Avropada real təhlükə yaratdığını göstərir və beynəlxalq ictimaiyyət üçün ciddi xəbərdarlıq kimi qəbul oluna bilər. Bu kontekstdə ABŞ–Böyük Britaniya nüvə əməkdaşlığı təbii olaraq diqqət mərkəzinə düşür".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

Qeyd edək ki, amerikalı jurnalist Taker Karlsonun sözlərinə görə, Rusiyanın Avropaya nüvə zərbəsi endirməsi artıq nəzəri yox, real təhlükədir. O bildirib ki, Moskva nüvə doktrinasını dəyişərək, nüvə silahına malik dövlətlərin proksisi sayılan və nüvə silahı olmayan ölkələri, o cümlədən Almaniyanı potensial hədəf kimi görür. Karlson əlavə edib ki, Rusiya bunu qabaqlayıcı zərbə ehtimalı ilə əsaslandırır.

Siyasi şərhçi qeyd edib ki, Böyük Britaniya nüvə silahına sahib olsa da, real əməliyyat nəzarətinin ABŞ-da olması NATO daxilində strateji inteqrasiyanı və ABŞ-nin Avropada nüvə silahı vasitəsilə hücumdan çəkindirmə mexanizminin dominant rolunu ortaya qoyur.

"Belə bir struktur müttəfiqlərə Vaşinqton tərəfindən təmin edilən təhlükəsizlik mexanizmi funksiyasını daşıyır və Rusiyaya mesaj verir ki, Avropadakı nüvə təhlükəsizliyi ABŞ-nin birbaşa nəzarəti altında olan ciddi və koordinasiya olunmuş sistem tərəfindən qorunur. Bununla yanaşı, ABŞ–Böyük Britaniya əməkdaşlığı Almaniya kimi nüvə silahına malik olmayan dövlətlər üçün də preventiv qoruyucu mexanizm rolunu oynayır. Ümumilikdə Karlsonun açıqlamaları bir neçə aspektdən önəmlidir. Bir tərəfdən, nüvə təhlükəsinin artıq nəzəri yox, real səviyyədə olduğunun ictimai diskursda gündəmə gətirilməsi Konqres və administrasiya səviyyəsində müdafiə büdcəsi, nüvə modernləşməsi və NATO ilə koordinasiya məsələlərində təzyiq yaratma potensialına malikdir. Digər tərəfdən, bu açıqlamalar Vaşinqtonun Ukrayna və Rusiya siyasətində mövcud strategiyasını yenidən qiymətləndirməsi ehtimalını ortaya qoyur. Rusiyanın nüvə doktrinasında dəyişiklikləri və qabaqlayıcı zərbə ehtimalı ABŞ-ı yalnız konvensional silahlar vasitəsilə dəstək göstərməkdən çıxararaq, strateji balansın qorunması üçün daha kompleks müdafiə və diplomatik tədbirləri nəzərdən keçirməyə sövq edir. Bütün bunlar nəticə etibarilə Rusiyanın nüvə silahı strategiyasının Avropa üçün real və konkret təhlükə yaratdığına, ABŞ–Böyük Britaniya əməkdaşlığının Avropanın nüvə silahından qoruyucu funksiyasına malik olduğuna, NATO müttəfiqləri üçün həm qoruyucu, həm də xəbərdarlıq funksiyasını yerinə yetirdiyinə və nəhayət, Vaşinqtonun Ukrayna və Rusiya siyasətində nüvə balansına uyğun yeni addımlar atma ehtimalına dair mesajları ehtiva edir. Odur ki, Karlsonun açıqlamaları yalnız jurnalist təhlili deyil, həm də Avropada və qlobal səviyyədə nüvə hücumundan çəkindirmə siyasəti, strateji koordinasiya və ABŞ-nin Avropa müttəfiqlərinə verdiyi təhlükəsizlik təminatının aktuallaşması baxımından ciddi siyasi önəm kəsb edir".

Rəfiqə Namazəliyeva,

AzNews.az