Cavan Zeynallı Caz Festivalına buraxılmadı

Oktyabrın 23-də başlayan Bakı Beynəlxalq Caz Festivalı davam edir. 10 gündən çox davam edəcək festivalın proqramlarında nədənsə məşhur cazmen Cavan Zeynallının adı yoxdur.

Əməkdar artist, müğənni Cavan Zeynallı AzNews.az-a açıqlamasında festivala dəvət almamasında bəzi qüvvələrin əli olduğunu vurğuladı:

"Mən Azərbaycanda keçirilən Bakı Beynəlxalq Caz festivalından kənarda qaldım. Təbii ki, buna inanmayanlar daha çoxdur. Hamı çaşır ey. Necə yəni, Cavan kimi dahi cazmeni festival dəvət etmirlər? Bizdə belədir də. Əsl sənətkarı lazım olan yerə yaxın buraxmırlar. Eləmirlər. İndi mən gedib bu yaşımda özümü zorla ora soxuşdurum?

Adama nə deyərlər axı? Məni dəvət eləmirlər. Mən həmişə yuxarıdayam. Onlar bilərəkdən məni festivala yaxın buraxmır. Orada bir-iki adam var ki, Cavan Zeynallı sənətindən qorxur. Qorxur ki, birdən onu yaxına buraxaram, bizi sənəti ilə kölgədə qoyar. Olsun, mən caz sənətində həmişə öndəyəm, istənilən adamı da sənətimlə kölgədə qoyaram. Buna şübhəsi olan varsa, buyursun meydana".

Bahar Rüstəmli
AzNews.az