TƏBİB-də yeni dönəm: Anar Bayramovdan radikal qərarlar - VİDEO ŞƏRH

TƏBİB-də yeni dönəm başlayıb. Yeni icraçı direktor Anar Bayramovun əmri ilə onlarla müşavir, baş həkim və digər vəzifəli şəxslər bir-birinin ardınca postlarını itiriblər. Deyilənə görə, hələ çox dəftərlər büküləcək. Kimlərin? Sosial şəbəkələrdə bu kimi çox sayda sual səslənir. Görəsən, bütün bunlar vəzifəyə təzə təyin olunan gənc rəhbərin apardığı kadr əvəzləməsidir, yoxsa səhiyyə sistemində gerçək islahatlar başlayır?

Gəlin, birlikdə baxaq: kimlər vəzifəsini itirib?

Öncə məlumat yayıldı ki, TƏBİB-də cəmi 17 gün əvvəl müşavir vəzifəsinə təyin edilmiş Zeynal Bayramlı işdən azad olunub.

Bundan sonra digər müşavirlər - Elnur Qurbanov, Emil Qasımov, Pərvin Əkbərov və Vüqar Yaqublunun da tutduqları vəzifələrdən azad olunduqları məlum oldu.

Yeni direktorun əmri ilə vəzifəsini itirənlər arasında department rəhbəri Murad Mirzəyev və Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə Sadıxova da var.

Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova, Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov və “Yeni Klinika”nın direktoru Barat Yusubovun, Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədovun işdən çıxarıldığı da təsdiqlənib.

AzNews.az portalının məlumatına görə, səhiyyə sistemində ağır fiqurlardan sayılan Respublika Təcili Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Cəlalov da kreslosunu itirib. Əgər xatırlayırsınızsa, doktor Cəlalov bu vəzifəyə 2023-cü ilin yayında- eyni sahədə fəaliyyət göstərən iki qurumun birləşdirilməsindən sonra gətirilmişdi.

Dünən axşam saatlarında isə, Kliniki Uroloji Xəstəxananın baş həkimi Pərviz Hacıyev öz istəyi ilə vəzifəsindən ayrıldığını açıqladı. Bakı Baş Səhiyyə Mərkəzində direktor Elçin Əmirov və onun müavini Ləman Mursaqulova da vəzifəsindən azad edilib.

TƏBİB-ə yaxın mənbələr bildirirlər ki, kadr dəyişiklikləri davam edəcək və bu barədə daha sensassiyalı xəbərlər gözlənilir.

Anar Bayramovdan gözlənilən isə, radikal sayıla biləcək addımları ilə səhiyyə sistemində biz vətəndaşları narahat edən əsas problemlərin həllinə töhfə verməsidir.

Sözümün bu yerində Sizdən də bir töhfə rica edəcəm: yayımı bəyənin, paylaşın, müzakirələrdə fəal iştirak edin.

Əminəm ki, fəal vətəndaş olaraq sizləri bu gün üç əsas sual maraqlandırır:

1. Pasiyentlər tibb mərkəzlərində öz dərdlərina dava tapa biləcəklərmi?

2. Sağlıq sektorunda rüşvət, bahaçılıq, uzun-uzadı növbələr, apteklərin, dərman şirkətlərinin maraqlarına xidmət edən resept yazılışı kimi hallar azalacaqmı?

3. Hüquq-mühafizə orqanlarının həkim səhlənkarlığı ilə bağlı açılan cinayət işləri barədə yaydığı məlumatlardan da görünür ki, sağlamlıq xidmətləri sistemində ciddi nəzarət boşluqları var. Bu boşluqlar aradan qaldırılacaqmı?

Müşahidə Şurasının qərarı ilə TƏBİB-in yeni icraçı direktoru təyin edilən Anar Bayramov həm həkim, həm də iqtisadçıdır. Tibb üzrə fəlsəfə doktorudur. Bir müddət sığorta sektorunda fəaliyyət göstərib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, nazir Sahil Babayevin müavini olub.

Bu qısa bioqrafik məlumatlar bir daha təsdiq edir ki, Bayramovun qərarları heç də emosional səciyyə daşımır. Əgər birdən-birə onlarla şəxs dəyişdirilirsə, deməli, struktura düşünülmüş şəkildə müdaxilə edilir.

Yanlış anlaşılma olmaması üçün onu da mütləq deməliyəm ki, işdən çıxarılan kadrlar da TƏBİB-ə göydən zənbillə düşməmişdilər. Onların da hər biri,- qulağıma çatan qədər, - öz çapında tanınan, sayğı ilə qarşılanan şəxslərdir. Ümumiyyətlə, geniş planda mən “rəhbər şəxs dəyişdi deyə, heç kim yerində qalmamalıdır” motivinin doğru saymayanların fikrini bölüşürəm. Dövlət qurumlarında və publik hüquqi şəxslərdə heç kim bir andaca vəzifə sahibi olmur. İllərlə çəkilən zəhmət var. Öz işini layiqincə görən insanlar nəinki iş yerini itirməli, əksinə, karyerası təminat altında olmalıdır. Başqa sözlə, hədəf konkret şəxslərə yox, idarəetmə modelinə tuşlanmalıdır. Yəni söhbət simaların yox, sistemin dəyişməsindən getməlidir.

Sistem yenilənməlidir ona görə ki, bir neçə direktor dəyişməsinə baxmayaraq TƏBİB-də illərlə üst-üstə qalanan ciddi problemlər var. Allah heç kimin yolunu xəstəxanaya salmasın, amma ən elementar sağlıq problemlərinin həlli Azərbaycanda insan səhhətinə sözün bütün mənalarında baha başa gəlir. Adicə rentgendən keçmək, yaxud hər hansı bir sadə müayinə üçün poliklinikalara günlərlə ayaq döymək lazımdır.

Uzun sözün qısası, hər bir vətəndaş TƏBİB-də aparılan islahatları yaxın zamanlarda gerçək yaşamda hiss etməlidir. Əgər bu proses doğrudan da sistem dəyişikliyinə hesablanırsa, yaxın aylarda biz onun real nəticələrini müşahidə edəcəyik.

Zira, bir vacib məsələ də var. İstənilən ölkədə islahatlar o zaman effekt verir ki, arxasında vətəndaş dəstəyi olsun. Bax, bu dəstəyi dövlətimizə verməyə hər birimiz hər an hazır olmalıyıq. Hazırıq da! Bu yöndə TƏBİB-in yeni rəhbərliyi də kommunikasiyaya açıq olmalıdır ki, vətəndaş prosesdə müşahidəçi yox, iştirakçı olsun.

Azərbaycanda kommersiya qurumlarının qeydiyyatı üçün “vahid pəncərə” sistemini yada salaq. Bu sistem göstərir ki, biz istəyəndə dünyanın ən yüksək standartlarını Azərbaycana gətirə bilirik. Mənim həm məlumatım, həm ehtimalım, həm də arzum o yöndədir ki, ölkəmizdə müsbət mənada tamamilə fərqli tibb xidməti standartları görəcəyik. Əgər bir qurumda kadrlar kütləvi surətdə dəyişdirilirsə, deməli, daha yuxarı səviyyələrdə TƏBİB-in yeni direktorunun qarşısına ciddi tapşırıqlar qoyulub. Bu, həm zəruridir, həm də başa düşüləndir! Çünki səhiyyə mühüm və strateji sahədir. Bu strateji sahədə şəffaflığın və məmnuniyyətin təmin olunması, demoqrafik gücümüzün, insan resurslarımızın qorunması Azərbaycanı bir sonrakı mərhələdə səhiyyə turizminin regional mərkəzinə də çevirə bilər. Niyə də olmasın? Əgər bizim Tibb Universitetinin məzunları gedib Avropa ölkələrində yüksək səviyyədə xidmət göstərə bilirlərsə, deməli, öz ölkəmizdə də yaxşı səhiyyə sistemi qurmaq olar.

Təki, sağlıq olsun!

Taleh ŞAHSUVARLI