“Nə nişan var, nə də toy. Dəhşətdir, belə getsə toy da edən olmayacaq”. “Nə nişan var, nə də toy. Dəhşətdir, belə getsə toy da edən olmayacaq”.

“Daha evlənən yoxdur, toy yoxa çıxıb” – Müğənni Aslan

“Nə nişan var, nə də toy. Dəhşətdir, belə getsə toy da edən olmayacaq”.


Bunu AzNews.az-a müsahibəsində müğənni Aslan Hüseynov deyib. O, bildirib ki, ikinci devalvasiyadan sonra ölkədə baş verən bahalaşma bərli-bəzəkli, rəngbərəng çıraqlardan alışıb-yanan şadlıq saraylarını da "vurub". Şadlıq evlərinə üz tutanların sayı gündən-günə azalır. Bunun da zərbəsi sənət adamlarına dəyir.

- Dolların ikinci dəfə qalxması sənət aləminə necə təsir edib?

- Dolların qalxması sənət aləmini də pis "vurub". Heç bir şey yoxdur, nə nişan var, nə də toy. Bütün günü boş-bekar oturmuşuq. Bilmirik bunun sonu necə olacaq? Pul gələn yer yoxdur, biabırçılıqdır. Günümüz tədbirlərlə keçir. Bütün müğənnilərdə mənim günümdədir. Dəhşətdir, belə getsə, toy edən olmayacaq. Birtəhər dekabr ayını yol verdik. Yanvar isə bundan pis gəlir.

- Yanvar ayında toy sifarişi almısınız?

- Toy nədir, "t" hərfini belə eşitmədim. Toylar yoxa çıxıb. Evlənmirlər, oğlanlar fikir edir ki, aldığı qızı necə saxlayacaq. Amma başa düşmədiyimiz bir şey var, sünnət toyları da yoxa çıxıb. Dollar qalxandan sonra camaat sünnət də etmir. Bahaçılıq müsəlmançılığı da yaddan çıxarıb. Ən qorxulusu budur. Məncə, bunun haqqında düşünmək lazımdır. Dolların qalxması camaatın vəziyyətini pisləşdirib. Ərzaq qalxdıqca şadlıq evləri də qiymətlərini qaldırır. Bunun sonu necə olacaq? Hara gedirik biz, bilmirəm. Dünən Qazaxıstandan qardaşım gəlib. O, deyir ki, Azərbaycanda qiymətlərə baxanda şükür edirəm. Orada vəziyyət daha pisdir. Dollar Qazaxıstanda iki dəfə qalxıb. Paytaxtda qiymətlər ağlasığmaz dərəcədə şişib. Qazaxıstanda maaş və pensiya da bizdəki kimidir. Amma qiymətlər dəhşət bahadır. Camaat 300-500 maaş alır, dolanır. Yəqin ki, biz də dolanacağıq. İnşallah, Allah kömək olar yaratdığı bəndəsinə.

- Toya dəvət ala bilməyən sənət adamları necə dolanacaq?

- Mənim maaş alan yerim var, Daxili Qoşunların solistiyəm. Normal da konsertlərimiz olur. Yaxşı da ezamiyyət yazırlar. Ansamblın solistlərinə hardasa dəstək də olurlar. Yəni ölmərik. Başqa tədbirlər də var, dəvət alıram. Sadəcə, Azərbaycanda toy yoxa çıxıb. Məni nə qədər incitsələr də, qadağalar qoysalar da, insanların sevgisini hiss edirəm. Tamaşaçı məhəbbətini qazanmaq daha çətindir. Toylarda deyirlər "Xalq artisti filankəs gəlir", reaksiya yoxdur, elə ki, deyirlər "Aslan gəlir" toyxanaya vəl-vəlvələ düşür. Camaat məni ayaq üstə qarşılayır. Öpürlər, şəkil çəkdirirlər. Bu, müğənni üçün böyük xoşbəxtlikdir.

- Dollar qalxan kimi Vergilər Nazirliyi şou-biznes əhlinin böyük əksəriyyətini cərimələdi. O siyahıda siz də varsınız?

- Yox, mən onların arasında yoxam. Mən prezident İlham Əliyevə müraciət məktubu yazdım. Orada yaşayış vəziyyətimdən də söhbət açdım. Müğənni olaraq ölkə başçısına müraciət elədim. Dedim ki, bir müğənni kimi mən uşaqlarımı dolandıra bilmirəm. Nə vergi, nə Vergilər Nazirliyi? Belə söhbət ola bilməz. Çünki mənim toyum yoxdur. Amma Vergilər Nazirliyində mənim hesab nömrəm var, hansısa toya gedəndə qazandığım pulun faizini ödəyirəm. Bizdə 4 faizdir. Böyük şey deyil ki. Amma adam var 5 min qazanır, 100 manat verməyə canı çıxır. Mən 10 min pul qazansam onun 400 manatını qaça-qaça ödəyərəm.

- İkinci devalvasiyadan sonra müğənnilərin bəziləri ziyana düşdüyünü, bəziləri isə bahalaşmanın ölkə üçün faydalı ola biləcəyini açıqladı...

- Hər iki halda sağ əlləri başıma. Məndə pul hardandır? Təki pul olsun. Heç nə vecimə deyildi. Sadəcə, hamı kimi düşünürdüm ki, ərzaq almaq lazımdır. Çünki görünən odur ki, hər şeyin qiyməti qalxacaq. Elə edim ki, ailə, uşaq dolana bilsin. İnanın məndə pul yoxdur, bunu hamı, ətrafım bilir. Amma o qədər zənglər olunur, hamı da köməklik istəyir. Çalışıram ki, hamısına da kömək edim. Camaat elə düşünür ki, Aslanda var. Mən bəy nəslindənəm, heç vaxt da ağlamıram. Elə indi də bəy kimi dolanıram. Elə ailədən deyiləm ki, başqaları kimi dəsmal çıxarıb ağlayam. Evim, bağım, maşınım, hər şeyim var. Bu mənim bacarığımdır. Bu günə kimi bir adam deyə bilməz ki, Aslan kiminsə qapısında, yaxud da bağında oxuyub. Ya da kiminsə qarşısında yalvarıb, xahiş etməmişəm.

- Müğənnilərin əksəriyyətinin əmlakı kreditlə olduğu deyilir. Kreditdə nəyiniz var?

- Maşınım. Amma onu da dollarla deyil, manatla almışam. Ona görə də qorxum yoxdur. Bilirdim ki, nə vaxtsa dollar öz kursunu qaldıracaq.

- Əgər üçüncü devalvasiya olsa, sizcə şou-biznes əhlinin vəziyyəti necə olacaq?

- Şou-biznes çökür, üçüncü devalvasiya olsa, onların çoxu siyahıdan çıxacaq. Heç kim mahnı almır, klip çəkdirmir. Kiminsə sponsoru olanda nəsə mahnı alır, klip çəkdirir. Bizdə onsuz sənət yoxdur ki. Əsas odur ki, kiminsə xoşuna gələsən, ya da soyunasan. Maraqlıdır ki, bunu kiminsə oğlu edir. Onlar başa düşmür ki, bu hərəkəti ilə cinayət törədirlər. Mədəniyyətə, incəsənətə zərbə vururlar. Sənətə dəxli olmayan bir adamı kimsə qısa zamanda "ulduz" edir. "Ulduz" isə ölkəni kənarda təbliğ edə bilmir. Prezident həmişə deyir ki, ölkəni tanıdan sənət adamları və idmançılardır. Gərək elə edək ki, ölkəni layiqli sənət adamı təmsil etsin. Cəmiyyətdə də problem var. Cəmiyyət bilmir ki, o, nə istəyir? Hər şey imkanla ölçülür, savadsız adamlar özünə yuxarılarda yer edir, savadlılar isə kənarda gözünü döyür. Sənətdə də onun kimi, səsi olmayan qabağını, dalını şişirdib, divanda uzanın klip çəkdirir. Sovet dövründə divanda uzanan müğənni vardı? İndi ayağına, qıçına gücü çatan efirlərdədir. Yəqin, bunun da bir sonu olacaq.

Bahar RÜSTƏMLİ
AzNews.az