İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Rəsmi səfər (Yenilənib)

Azərbaycan Respubikasının Prezidenti İlham Əliyev fevralın 1-də Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərə yollanıb.


Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Abu Dabinin Prezident hava limanında dövlət başçısını Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan və digər rəsmi şəxslər qarşılayıblar.

Sonra Abu Dabinin Prezident hava limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.


***
15:02


Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan ilə geniş tərkibdə görüşü olub.

Görüşdən əvvəl Birləşmiş Ərəb Əmirliklərinin dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyana təqdim olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərə dəvətə görə Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyana minnətdarlığını bildirib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edilib. Siyasi, iqtisadi, ticarət, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə edilib. Turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

Prezident İlham Əliyev Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə və bu ölkədən Azərbaycana gələn turistlərin sayının artmasından məmnunluğunu ifadə edib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə aparılıb. Dövlət başçısı məlumat verib ki, uzun illərdir Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğalı olunub, bunun da nəticəsində 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Prezident İlham Əliyev bu münaqişənin beynəlxalq hüququn prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayıb.

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə BMT Baş Məclisində münaqişə ilə bağlı qətnamənin qəbul edilməsində dəstəyə görə minnətdarlığını bildirib, Azərbaycanın da öz növbəsində BMT və digər beynəlxalq təşkilatlarda Birləşmiş Ərəb Əmirliklərinin mövqeyini dəstəklədiyini qeyd edib.

Görüşdə regional təhlükəsizlik məsələləri müzakirə edildi, əməkdaşlığımızın bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.

Dövlət başçısı Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyanı Azərbaycana rəsmi səfərə dəvət edib.

Azərtac