Cümşüd Nuriyev Cümşüd Nuriyev

Avtoqol

Cümşüd Nuriyev



Azərbaycan mediası milçəkdən fil düzəltmək üzrə kifayət qədər peşəkar sayıla bilər. Çünki Moskvada ÜATİ-ni yaradanlar öz məqsədlərini açıqlamamış günahsız "günahkarlar" oldular. Əslində nə baş vermişdir?

Rusiyada yaşayan bir qrup azərbaycansevərlər diaspora sahəsində çoxdan yaranmış çatışmazlıqları aradan qaldırmaq və boşluğu doldurmaq üçün belə bir təşkilat yaratmaq məcburiyyətində qalmışlar. Öz yarıtmaz fəaliyyətlərini və şəxsi bizneslərini sığortalamaq məqsədilə təşkilata olan hücum müxalifət üçün ən gözəl "hədiyyə" idi. Çünki müxalifətin nəzarətində olan media, çoxdan idi ki, iqtidardakıları bir-biri ilə üz-üzə qoymaq üçün fürsət gözləyirdilər. Hətta bu təşkilatın "məramında" Rusiya iqtidarının köməyi ilə Azərbaycanda dövlət çevrilişinin ola biləcəyini belə iddia etdilər. Nəticədə xalqına kömək əli uzatmaq istəyən soydaşlarımız incik salındı. Ən acınacaqlısı o idi ki, bütün bunlar ermənilərə xeyir gətirdi. Çünki müxalifət "siyasi topu" iqtidarın "qapısına" vurmaqla öz "arzusuna" çatdı(mı?). Amma bu həm də avtoqol idi.

Müxalifət qəzetlərində dərc edilən materiallara ÜATİ-nin rəsmilərindən biri olan S.Sadıqovun şəxsi reaksiyası iqtidar "qapısına" vurulan növbəti avtoqol oldu. "ÜATİ yarananda isə rəsmi Bakı tərəfindən narazılıqlar və hiddət dalğası doğurdu. Məntiq hanı?! - deyə S.Sadıqov əsəbi şəkildə bildirmişdir. Cənab Sadıqov, siyasət aqressivliyi heç sevmir. Bunu Siz yaxşı bilirsiniz. Siz necə siyasətlə məşğul olursunuz ki, dövlət rəsmiləri səviyyəsində verilməyən və öz maraqlarını qorumaq istəyən bir dövlət məmurunun verdiyi açıqlamanı dövlətin "ayağına" yazaraq, orada məntiq axtarırsınız? Hətta müxalifətdən bir az da uzağa gedib, konkret ünvan göstərməyə çalışırsınız. Halbuki həmin ünvandan Sizə heç bir siyasi mesaj verilməmişdir. Məhz Sizin, bəzi dövlət məmurlarının və müxalifətin "fəaliyyəti" nəticəsində xalqa xidmət etmək məqsədilə yaradılan bir qurum "doğulan" kimi "qətl" edildi.

Baxmayaraq ki, müxalifətin və ÜATİ-nin avtoqolları onlar arasındakı hesabı bərabərləşdirdi, əslində hər iki avtoqol Azərbaycan dövlətinin və millətinin "qapısına" vuruldu. Çox təəssüf ki, ümumilikdə 0:2 hesabı ilə uduzduq.