“Biz İrana qarşı sanksiyaların əleyhinə olmuşuq” - Prezident

“Azərbaycan həmişə İrana qarşı qoyulmuş sanksiyaların əleyhinə olub”.


AzNews.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev bu gün İran İslam Respublikasına rəsmi səfəri zamanı deyib.

Ölkə başçısı sanksiyaların ləğvi münasibətilə İran xalqını təbrik edib:
"Fürsətdən istifadə edərək bir daha İrana qarşı qoyulmuş sanksiyaların aradan qaldırılması münasibətilə sizi və bütün İran xalqını təbrik edirəm. Azərbaycan həmişə bu sanksiyaların əleyhinə olub və həmişə öz sözünü bütün yüksək səviyyədə ifadə edib. Cənab Prezident, siz müzakirə etdiyimiz bütün məsələləri çox geniş mətbuat nümayəndələrinə çatdırdınız. Doğrudan da bu gün bir çox məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı və fikir birliyi ifadə olundu. Biz çox şadıq ki, İran-Azərbaycan əlaqələri yüksələn xətlə, uğurla və sürətlə inkişaf edir. Bizim əlaqələrimizin çox möhkəm təməli vardır. Əsrlər boyu xalqlarımız bir yerdə yaşamış, yaratmışlar. Bizi tarix, mədəniyyət, ortaq keçmişimiz, dinimiz birləşdirir. Bu möhkəm təməl üzərində münasibətlərimiz qurulur və bu gün İran-Azərbaycan əlaqələri strateji əməkdaşlıq səviyyəsinə qalxıb. Biz bütün üzv olduğumuz beynəlxalq təşkilatlarda bir-birimizi daima dəstəkləyirik. Bizim aramızdakı ticarət əlaqələrinin çox gözəl perspektivləri var. Bu gün həm beynəlxalq aləmdə baş verən hadisələr, eyni zamanda ikitərəfli münasibətlərimizə aid olan məsələlər geniş müzalkirə edildi. Biz razılaşdıq ki, beynəlxalq terrorizmə qarşı birgə səylərimizi daha da gücləndirəcəyik. Beynəlxalq aləmdə bundan sonra da bir-birimizə dəstək göstərəcəyik".