Prezident ABŞ Departamentinin nümayəndə heyətini qəbul etdi

İlham Əliyev ABŞ Dövlət Departamenti rəsmisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


AzNews.az xəbər verir ki, Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının Bakıda keçirilən ikinci iclasının layihənin icrası ilə bağlı məsələlər ətrafında birgə müzakirələrin aparılması üçün uğurlu format olduğunu qeyd edib. Prezident İlham Əliyev ABŞ hökumətinin layihəyə göstərdiyi dəstəyin əhəmiyyətini qeyd edərək, Amos Hokstaynın bu tədbirdə iştirakının önəmini vurğulayıb. Dövlətimizin başçısı tədbirin yaxşı nəticələr verəcəyinə ümidvar olduğunu bildirib.

ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının ikinci iclasına dəvət olunmasından məmnunluğunu ifadə edib. Ötənilki iclasın səmərəli keçdiyini vurğulayan Amos Hokstayn builki tədbirin layihə üçün önəmli olan indiki dövrdə baş tutmasının əhəmiyyətini qeyd edib. O, layihənin icrası istiqamətində qarşıda duran müxtəlif məsələlər ətrafında birgə fikir mübadiləsi aparılması üçün iclasın yaxşı imkan yaratdığını vurğulayıb.