“Xozeyini öləndən sonra Ermənistan nədir ki?” “Xozeyini öləndən sonra Ermənistan nədir ki?”

Vəfa Quluzadə: “Ermənistan xəritədən silinəcək”

“Xozeyini öləndən sonra Ermənistan nədir ki?”



Rusiya Ermənistanı silahlandırmaqla kifayətlənmir, həm də onu hərbi sahədə bir sıra müqavilələrə imza atmağa təhrik edir. Son günlər isə bununla bağlı xüsusi aktivlik müşahidə olunur.

Politoloq Vəfa Quluzadə AzNews.az-ın atılan addımlarla bağlı suallarını cavablandırıb:

- Rusiyanın Ermənistanla hərbi sahədə bir sıra müqavilə, saziş imzalaması nəyə hesablanıb?

-Bu çökməkdə olan Rusiyanın son gedişləridir. Ancaq ermənilər Rusiyadan canlarını qurtarmaq istəyirlər və bu istiqamətdə də işləyirlər. Onlar Avropa və Amerika ilə əməkdaşlığı da genişləndirirlər ki, Rusiya da öz narahatlığını bu formada ifadə edir. Yeni müqavilələr, yeni sazişlər imzalamaqla erməniləri öz təsirində saxlamaq istəyir.

-Ermənistan Rusiyadan can qurtarmağa çalışırsa, o zaman hansısa müqavilə, saziş niyə imzalanır?

-Ermənistan adlı belə bir məfhum yoxdur. Bunu Rusiya tərəfindən bu ölkədə təyin olunmuş erməni rəhbərliyi edir. Rusiya ilə hansısa sənədi imzalayan Sərkisyandır, onu da Putin təyin edib. Ondan əvvəl Köçəryan idi, onu da Rusiya bu posta təyin etmişdi. Levon Ter-Petrosyan isə Rusiyanın itaətindən çıxdı və Azərbaycanla sülh bağlamaq istəyirdi, ona görə onu da qovdular. Proseslərin belə bir formada gedişi Ermənistanın Rusiyadan ayrılacağını proqnozlaşdırmağa imkan verir. Sizi inandırıram ki, Ermənistan gələcəkdə gəlib NATO-da Azərbaycanın müttəfiqi olacaq.

-Hesab edirsiniz ki, Ermənistan işğalçı missiyadan əl çəkəcək?

-Bilirsiniz, xozeyini öləndən sonra Ermənistan nədir ki? Ermənistan qondarma bir dövlətdir. Hələ Allahlarına şükür etsinlər ki, bu qondarma bir dövlət xəritədə qalacaq. Ruslar onu öz məqsədləri üçün yaratmışdılar. İndi o da sual altındadır ki, Ermənistan bir dövlət kimi xəritədə bəlkə qaldı, bəlkə qalmadı. Ermənistan Rusiyanın köləsi olub və rəsmi Moskva onun adı ilə gəlib Azərbaycanın torpaqlarını işğal edib.

-Ermənistan hansı halda xəritədə qalmaya bilər?

-Ermənistanda hansı proseslərin getdiyini hamı görür. Ermənistan özbaşına öz ölkəsini, öz iqtisadiyyatını qura bilmir. Rusiya da bunu onun üçün edə bilmir və buna heç imkanı da yoxdur. Rusiya məhv olandan sonra Ermənistan avtomatik olaraq öz-özünə məhvə məhkumdur. Rusiya yalnız neft-qaz iynəsindədir. Neft-qaz iynəsi qırılanda bu ölkə dağılıb parçalanacaq. Bu imperiyanın aqibəti dağılmaqdır. Dağılma prosesi də mərhələ-mərhələ gedir. Birinci mərhələ 1917-ci il, ikinci mərhələ 1991-ci il, hazırda isə üçüncü mərhələ gözlənilir. Rusiya ölənə qədər şıllaq atacaq.

Gültəkin Qəhrəmanlı
AzNews.az