Deputatlarımızdan Jirinovskinin bəyanatına - Cavab

Rusiyanın Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski bəyan edib ki, Dağlıq Qarabağda müharibə olarsa, Rusiya Ermənistanı, Türkiyə də Azərbaycanı müdafiə edəcək.

Jirinovskinin hazırkı gərgin dövrdə verdiyi bu bəyanatın arxasında hansı mesajlar durur?

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadə hesab edir ki, Jirinovskinin Qarabağ bəyanatı ciddi qəbul olunmamalıdır: "Rusiya ilə yanaşı Ermənistan da Kollektiv Təhlükəsizlik Təşkilatının üzvüdür. Bu təşkilatda qərarlar yekdilliklə qəbul olunur. Düşünmürəm ki, orada belə bir qərar qəbul olunsun. Çünki, KTMT-də Azərbaycana çox yaxın Belarus və Qazaxıstan var. Bu təşkilatın nizamnaməsində belə bir maddə var ki, əgər təşkilata üzv dövlətlərdən birinə qarşı təcavüz olarsa, hərbi müdaxilə edilir. Azərbaycanın Ermənistanın ərazisinə daxil olmaq fikri yoxdur. Odur ki, Jirinovskinin fikirlərinin heç bir əsası yoxdur".

Millət vəkili bildirib ki, Azərbaycanın Qarabağda hərbi əməliyyatlar aparmağa tam haqqı çatır: "BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən Azərbaycan işğal altında olan ərazilərini azad edə bilər. Ona görə də nə Jirinovski, nə Putin, nə də bir başqası Azərbaycan qarşı çıxa bilməz. Əgər etsələr, bu beynəlxalq hüququn pozulması olar və həmin ölkə qınaq sahibi olar. Gürcüstan və Azərbaycanı eyniləşdirmək olmaz. Çünki, gürcülər sülhməramlıları özləri dəvət etmişdilər. Dağlıq Qarabağda sülhməramlılar yoxdur, ümid edirəm ki, olmayacaq".

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı isə vurğulayıb ki, Jirinovskinin fikirləri Kremlin mövqeyini əks etdirmir.

"Rusiya yaxşı başa düşür ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal altında saxlanılır. Aprel hadisələrindən sonra isə hər kəsə bəlli oldu ki, Azərbaycan işğal altındakı torpaqlarını azad etmək üçün hər an hərbi əməliyyatlara başlaya bilər. Əgər Rusiya Ermənistan yardım etsə, Rusiya Azərbaycan torpaqlarının işğalında birbaşa iştirak etmiş olacaq".

F.Ağamalı Jirinovskinin fikirlərini ciddi qəbul etmədiyini vurğulayıb: "Azərbaycanın torpaqları Ermənistan tərəfindən işğal olunub. Bununla bağlı BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən qeyd-şərtsiz çıxması ilə bağlı 4 qətnaməsi var. Belə olan halda Jirinovskinin dediyi fikirlər blefdən başqa bir şey deyil. Düşünmürəm ki, Jirinovskinin fikirləri Kremlin mövqeyini ifadə edir. Çünki, Kreml Jirinovski tərəfindən idarə olunmur. Sadəcə olaraq bu adam hər zaman bu və buna bənzər sərsəm fikirlərini ortaya qoyub.

Hətta Rusiya-Türkiyə münasibətləri yüksək səviyyədə olanda Jirinovski bu tipli fikirlər səsləndirib. Jirinovski Azərbaycana gəlib-qayıtdıqdan sonra bizim haqqımızda yüksək fikirlər bildirdi. İndi o, hansısa amillərin təsiri altında reallığı əks etdirməyən fikirlər söyləyir. Jirinovski başa düşməlidir ki, Rusiya Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək üçün keçirəcəyi əməliyyatlarda iştirak etsə, onun da adı Ermənistan kimi işğalçı olacaq. Bu isə dünyada qınaq obyektinə çevrilmək deməkdir və Rusiyaya daha ciddi problemlər yarada bilər",-deyə F.Ağamalı vurğulayıb.


AzVision.az