Talışlar yeni təşkilat qurdular - EKSKLÜZİV

Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi təsis olundu. 14 noyabr 2012-ci il tarixdə Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi (ADN DTB) təsis olunub.

AzNews.az-a daxil olan məlumata görə, təsis toplantısında ziyalılar, din xadimləri və alimlər iştirak ediblər. Toplantıda birliyə Səfərov Mehdibəy Mahmudəli oğlu sədr seçilib.

Birlik öz fəaliyyətində talış dilini, ədəbiyyatını, mədəniyyət və incəsənət nümunələrini, eləcə də milli özünüdərki qorumaq məqsədi ilə fəaliyyət göstərəcək.
Eyni zamanda Azərbaycanın inkişafı, mədəniyyətimizin təbliği də prioritet məsələlərdən olacaq.

ADN DTB üzvləri əsasən talışların kompakt yaşadığı bölgələrdə mütərəqqi fikirli ziyalılardan, ağsaqqallardan, alimlərdən, din xadimlərindən və digər nüfuz sahiblərindən ibarət olacaq.

Qeyd edək ki, birliyin təsisçiləri Mehdibəy Səfərov və Azərbaycan Ziyalılar Hərəkatının sədri, yazıçı, ssenarist və kinorejissor Eldəniz Quliyevdir.

Bahar Rüstəmli
AzNews.az