"Ölkə rəhbərlərinin görüşünə sənədlər paketi çıxarılmalıdır" "Ölkə rəhbərlərinin görüşünə sənədlər paketi çıxarılmalıdır"

“Bunlar Əliyev-Putin görüşündə həllini tapa bilər”

"Ölkə rəhbərlərinin görüşünə sənədlər paketi çıxarılmalıdır"



"Qaz məsələsinə Rusiya-Azərbaycan münasibətlərinin ümumi kontekstindən kənarda baxmaq olmaz, ikitərəfli dialoq energetika problemi ilə məhdudlaşmır".

Bu açıqlamanı APA-nın Rusiyanın tanınmış politoloqu Aleksey Vlasov verib. TANAP layihəsinin Rusiyanın energetika layihələri üçün rəqabətə çevrilə biləcəyi barədə sualı cavablandıran Vlasov qeyd edib ki, hazırda iki ölkə arasında münasibətlərdə pauza dövrü başlayıb, lakin bunu qarşılıqlı münasibətlərin soyuması kimi dəyərləndirmək olmaz: "Bir çox məsələlər Vladimir Putinlə İlham Əliyevin görüşü baş tutanda həllini tapa bilər. Bu pauza müvəqqəti xarakter daşıyır, düşünmürəm ki, Cənubi Qafqazın geosiyasətinə dair əsas məsələlərdə Moskva və Bakının mövqelərinin fərqlənməsi prosesi gedir".

Aleksey Vlasov bildirib ki, bu il iki ölkə arasında artıq bir neçə rəsmi səfər gerçəkləşdirilib: "Üçüncü Rusiya-Azərbaycan Regional Forumunu, Ramzan Kadırovun Azərbaycana səfərini xatırlatmaq istəyirəm. Ölkə rəhbərlərinin görüşünə sənədlər paketi çıxarılmalıdır, lakin hər iki tərəf bu sənədlərin əsasını təşkil edəcək həlledici məsələlərlə bağlı mövqelərini qətiləşdirməyiblər. Sənədlər paketi hazır olan kimi, bu görüş baş tutacaq".

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü şərh edən politoloq Qarabağ məsələsində irəliləyişin olmadığını deyib: "Bu vəziyyətdə qeyri-hökumət sektoru səviyyəsində dialoqu aktivləşdirmək vacibdir. Qarabağ münaqişəsini indiki kimi aralıq vəziyyətdə qoymaq olmaz, məhz ona görə ki, istənilən xarici təsir münaqişənin dondurulmuş mərhələdən aktiv mərhələyə keçməsinə səbəb ola bilər. Hələlik bu məsələdə Brüssel daha aktiv fəaliyyət göstərir, Rusiya əsas diqqəti Avrasiya layihəsinə və Mərkəzi Asiya regionunda mövqelərini möhkəmlətməyə yönəldib. Kazan görüşündəki uğursuzluq Vladimir Putini Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqe açıqlamaqda maksimum dərəcədə ehtiyatlı olmağa sövq edir".

Vlasov Qəbələ RLS-lə bağlı danışıqların davam edəcəyini deyib: "baxmayaraq ki, bununla bağlı kifayət qədər ziddiyyətli məlumatlar, şayiələr dolaşır, danışıqlar davam edəcək. Qəbələ RLS – bu sahədə Rusiya-Azərbaycan əməkdaşlığının simvoludur".

AzNews.az