Kocaeli valisi: “Azərbaycanı təbliğ edən layihələrə ehtiyac duyulur”

"Bəzən Türkiyədə də Azərbaycanı daha yaxından tanıdan, təbliğ edən layihələrə ehtiyac duyulur. Bu baxımdan Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının üzərinə böyük məsuliyyət düşür. İnanıram ki, yeni açılan Azərbaycan Mədəniyyət Mərkəzi də bu istiqamətdə uğurlu fəaliyyət göstərəcəkdir".

Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla görüşündə Kocaeli valisi Ercan Topaca deyib. Türkiyədə Azərbaycana səmimi bir sevginin olduğunu vurğulayan E.Topaca bu münasibətin xalqlarımız arasındakı qardaşlıq münasibətlərindən irəli gəldiyini bildirib.
Türkiyədə fəaliyyətə başlayacaq Azərbaycan Mədəniyyət Evinin iki ölkə arasında iqtisadi və mədəni körpülərin daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirən N.İbrahimov E.Topacanı Azərbaycana səfərə dəvət edib.

E.Topaca dəvətə görə təşəkkür edərək bu səfəri tezliklə reallaşdırmağa çalışacağını qeyd edib. O, Kocaelidən olan iş adamlarının da Azərbaycana, Azərbaycandan olan iş adamlarının isə Kocaeliyə səfərlərini təşkil etməyin hər iki ölkə üçün faydalı olacağına inamını ifadə edib.

Elnarə Əlosmanqızı
AzNews.az