“Bu hadisə orduya nəzarətin itirildiyi görüntüsü yaradır” - Deputat

“Türkiyənin zəifləməsi istiqamətində atılan hər bir addım həm də Azərbaycana qarşı yönələn addım kimi qiymətləndirilməlidir”.


Bunu AzNews.az-a açıqlamasında millət vəkili Fazil Mustafa Türkiyədəki hadisələri şərh edərkən deyib. Deputat bunun arxasında hər hansı sosial sifarişin olmadığını bildirib: "Sadəcə hakimiyyəti qəbul etməmək, yaxud ona nifrət etmə zəminində, bəlkə də xarici güclər tərəfindən təhrik edilən bir qiyam kimi xarakterizə oluna bilər. Türkiyə xalqının, cəmiyyətinin çevrilişə qarşı sərt reaksiyası baş verənlərin qarşısının alınmasına dəstək verdi. Hesab edirəm ki, çevriliş baş tutardısa Türkiyəni 30-40 il geri ala bilərdi, çox təhlükəli hadisə idi. Türkiyədə asayişin bərqərar olması ən çox azərbaycanlıların ürəyincədir. Hadislər başa çatmaq üzrədir, ölənlər və yaralananlar olsa da, vətəndaş müharibəsinin qarşısının alınması Türkiyəni daha böyük faciələrdən xilas etdi".

Çevriliş cəhdinin Türkiyə prezidentinin özü tərəfindən planlaşdırılması məsələsinə gəlincə, F.Mustafa bu fikrin sadəcə axmaqlıq olduğunu hesab edir: "Çünki heç kim özünə qarşı belə bir qiyam etdirməz. Adətən belə hadisələrdə təfəkkürü olmayan adamlar hərəkətə keçir və müəyyən fikirlər səsləndirir. Kim özünə qarşı belə yol seçər? Bu, hakimiyyət üçün nüfuzlu bir addım deyil. Belə bir hadisə orduya nəzarət edə bilməməsi görüntüsünü ortaya qoyur. Kim özünün siyasi nüfuzuna məqsədyönlü şəkildə qol qoya bilər? Ona görə bu, əsaslı fikir deyil".

Bahar RÜSTƏMLİ
AzNews.az