“Söyün Sadıqovun Araz Ağalarovla bağlılığı yoxdur” - AÇIQLAMA

"Azərbaycanın gücləndiyi və inkişaf etdiyi indiki şəraitdə Söyün Sadıqovun cəfəng bəyanatlar verməsi və digər bu kimi hərəkətləri yolverilməzdir. Bu cür hərəkətlər Azərbaycan dövlətinin imicinə də xələl gətirir". Bunu AzNews.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

Noyabrın 23-də Moskvada "Rusiya Erməniləri İttifaqı" Ümumrusiya İctimai Təşkilatının prezidenti Ara Abramyan və "AzərRos" Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Söyün Sadıqov arasında keçirilən görüşə münasibət bildirən YAP-çı millət vəkili söyləyib ki, heç kəs S.Sadıqova Azərbaycan adına bu kimi addımlar atmağa və ermənilərlə sənəd imzalamağa ixtiyar verməyib. M.Qurbanlı deyib: "Onun bu cür hərəkətləri Azərbaycan cəmiyyəti tərəfindən birmənalı şəkildə rədd edilir və pislənilir. Mən S.Sadıqovun ermənilərlə bəyanat imzalamasına çox pis baxıram. Onun nə səlahiyyəti var ki, gedib işğalçı Ermənistanın nümayəndələri ilə sənəd imzalayır? Bütün bunlar yolverilməzdir. Rusiyada yaşayan azərbaycanlılar da S.Sadıqovun bu kimi hərəkətlərini pisləyir".

M.Qurbanlı həmçinin, qeyd edib ki, S.Sadıqovun Araz Ağalarovla heç bir bağlılığı yoxdur: "A.Ağalarov yalnız Rusiya Azərbaycan Təşkilatı İttifaqında (RATİ) formal olaraq təmsil olunur. A.Ağalarovun RATİ-də təmsil olunması S.Sadıqova bu kimi özbaşına addımlar atmağa hər hansı səlahiyyət vermir. S.Sadıqov ermənilərlə danışıqlarını və imzaladığı müqavilələrini, rəhbəri olduğu "AzərRos" təşkilatı vasitəsilə həyata keçirir. A.Ağalarovun isə "AzərRos" təşkilatı ilə heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə, hazırda RATİ-nin fəaliyyəti dondurulub. Odur ki, A.Ağalarovun adını S.Sadıqovla bağlamaq düzgün deyil".

Xatırladaq ki, noyabrın 23-də Moskvada "Rusiya Erməniləri İttifaqı" Ümumrusiya İctimai Təşkilatının prezidenti Ara Abramyan və "AzərRos" Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Söyün Sadıqov arasında görüş keçirilib.

Vasif Həsənli
AzNews.az