Abid Şərifov yenə SÖZ verdi

Baş nazirin müavini Abid Şərifov Xətai rayonu Cavanşir 38 ünvanında yerləşən qəzalı yataqxananın sakinlərinə yeni ilin əvvəlində vəziyyətlə tanış olmaq üçün əraziyə gələcəyinə dair söz verib. Bu barədə məlumatı AzNews.az-a sakinlərdən Hafiz Xanquliyev verib.

H.Xanquliyev bildirib ki, 2000-ci il zəlzələsi zamanı qəzalı vəziyyətə düşən binada yaşayış getdikcə çətinləşir: "Nəhayət ki, sakinlərin nümayəndəsi kimi bir nəfər baş nazirin müavini Abid Şərifovla görüşüb. Abid Şərifov binada təmir işlərinin aparılacağı barədə bundan əvvəl söylənilən fikirləri təkzib edib. Bildirib ki, binanın təmir edilməsi mümkün deyil. Ona görə də sökülərək yerində yeni bina tikiləcək. Hətta yeni tikintinin bir il müddətinə yekunlaşacağını da bildirib".

Qeyd edək ki, uzun illərdir qəzalı vəziyyətdə yaşayan 79 ailə dəfələrlə aidiyyatı qurumlara müraciət edərək köçürülmə ilə bağlı məsələnin həllini istəyiblər. Bundan əvvəl binada təmir-bərpa işlərinin aparılması ilə bağlı Layihə İnstitutunda layihə hazırlandığı bildirilsə də, indi binanın sökülərək yerində yenisinin inşa edilməsi məsələsi gündəmə gəlib.

Elnarə Əlosmanqızı
AzNews.az