Nigar Yaqublunun işi Appelyasiya Məhkəməsinə göndərildi

“İndi ola bilsin ki, bu hakimiyyət istədiyinə nail olduğundan acığı soyuyub”


Abşeron Rayon Məhkəməsi gənc siyasi fəal Nigar Yaqublunun işini Apelyasiya Məhkəməsinə göndərib. Bu haqda onun atası Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu bildirib.

O, Apelyasiya Məhkəməsinin vaxtının hələ ki dəqiq bəlli olmadığını da söylədi: "Vəkillər deyir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin hazırlıq iclası ən yaxşı halda fevral ayının əvvəllərində təyin oluna bilər. Əgər fevralın əvvəllərinə 3 hazırlıq iclası təyin olunacaqsa, bu o deməkdir ki, Apelyasiya Məhkəməsi fevral ayı boyunca sürəcək. Çünki bu, bir məhkəmə iclasında tamamlanası bir məsələ deyil və Nigar barəsində hökmün qüvvəyə minməsi üçün ən azı o, fevral ayınıda da məhbəsdə olacaq".

T.Yaqublu müstəqil məhkəmə olmadığı üçün Apelyasiya Məhkəməsinin qərarının nə olacağını təxmin edə bilmədiyini bildirdi: "Biz dəfələrlə demişik ki, hər şey yuxarıdan deyilən qərara bağlıdır. İndi ola bilsin ki, bu hakimiyyət istədiyinə nail olub. O mənada ki, Nigarı məhbəsdə saxladı və acığı soyudu. Belə də ehtimal ola bilər ki, yuxarılardan hökmün qüvvədə saxlanılması qərarı verilsin. Əgər müstəqil məhkəmə olsaydı, onu vəkillər əvvəlcədən müəyyənləşdirərdilər ki, işin sonu necə olacaq".