İrandan Azərbaycan və Türkiyəyə növbəti ittiham

“Bu dövlətlər İranda separatçılığı artırırlar”



"Azərbaycan və Türkiyə İranda yaşayan azərbaycanlılar arasında təbliğat apararaq onlarda separatçı əhval-ruhiyyəsi yaradır".

AzNews.az xəbər verir ki, bunu İranın "Tabnak" saytı yazıb.

Sayt yaxın zamanda İranın türkdilli əhalisi arasında təbliğat aparan "GünAz TV"nin Türkiyə türkcəsində proqramlarının da yayımlanacağını bildirib. Eyni zamanda bir neçə il əvvəl "GünAz TV"nin İranın təzyiqləri nəticəsində Türkiyə üzərindən yayımının dayandırıldığı, ancaq hazırda yenidən bərpa olunması istiqamətində iş aparıldığı qeyd olunub.

İran mətbuatı həmçinin bu yaxınlarda TRT kanalında İranda yaşayan azərbaycanlılarla bağlı materialın efirə verildiyinə və bu zaman dəfələrlə "Cənubi Azərbaycan" ifadəsinin işlədildiyinə də diqqəti çəkib:

"Bundan başqa bu yaxınlarda Ankarada Azərbaycanlıların Milli Şurası və Cənubi Azərbaycan Milli Azadlıq Cəbhəsinin birgə təşkilatçılığı ilə "Türk dünyasında Cənubi Azərbaycanın rolu" mövzusunda konfrans keçirilib. Konfransda Türkiyənin keçmiş və indiki dövlət məmurları iştirak edib".

Elnarə Əlosmanqızı
AzNews.az