“Rəqabət Əli Kərimli və İlham Əliyev arasında gedir”

Sorğuda qalib İsa Qəmbər olsaydı belə, yenə də bunu müxalifətlə hakimiyyətin mübarizəsi adlandıracaqdım

"Burada rəqabət AXCP sədri Əli Kərimli ilə hazırkı prezident İlham Əliyev arasında gedir". Bunu AzNews.az-a AXCP sədrinin müavini Gözəl Bayramlı sosial şəbəkələrdəki rəy sorğusunda Əli Kərimlinin İsa Qəmbərdən 5 dəfə çox səs toplamasına münasibət bildirərkən deyib.

Partiya funksioneri bildirib ki, belə rəy sorğuları demokratik ölkələrdə normal qəbul edilir: "Bizdə də vaxtaşırı belə şeylər olur. "Facebook" sosial şəbəkəsində Azərbaycan əhalisinin aktiv təbəqəsidir. Ora 100 minlərlə insan daxil olsa da, sorğuda iştirak etmirlər. Hesab edirəm ki, iştirak edənin də rəyinə hörmətlə yanaşmalıyıq. İndiki aparılan sorğu hakimiyyətlə müxalifət arasında gedir. Burada rəqabət AXCP sədri Əli Kərimli ilə hazırki prezident İlham Əliyev arasında gedir".

G.Bayramlı qeyd edib ki, Sorğuda Əli Kərimlinin və İsa Qəmbərin mübarizə aparmasına inanmır: "Sorğuda qalib İsa Qəmbər olsaydı belə, yenə də bunu müxalifətlə hakimiyyətin mübarizəsi adlandıracaqdım. Belə görünür ki, Azərbaycan xalqı müxalifətə dəstək vermək fikrindədir. Bizim üçün önəmli olan keçiriləcək prezident seçkilərində xalqın müxalifət liderlərinə dəstək verməyidir. Bu məsələdə kimlərinsə, hansısa fikir bildirmələrinə şərh verməyə ehtiyac yoxdur".

İlkin
AzNews.az