Əli Əhmədov: "Bu rayon sizindir, burada baş verənlərin acısını siz çəkəcəksiniz" Əli Əhmədov: "Bu rayon sizindir, burada baş verənlərin acısını siz çəkəcəksiniz"

İsmayıllıdakı müşavirədən xəbər var

Əli Əhmədov: "Bu rayon sizindir, burada baş verənlərin acısını siz çəkəcəksiniz"




"Bu rayon sizindir, burada baş verənlərin acısını siz çəkəcəksiniz", YAP rəsmisi Əli Əhmədov İsmayıllıda rayonun fəalları və məmurları qarşısında çıxış edərkən deyib.

"Problemləri qəzəblə yox, birləşərək həll edərək, bir-birimizin haqqını tanıyaraq həll edək", o əlavə edib. Əhmədov gənclərin hərəkətlərinin ağır nəticələnə biləcəyi barədə xəbərdarlıq edib.

"Kimlərsə öz hüququnu başqasının hüququndan üstün tutanda problemlər olur", Əli Əhmədov deyib. "Mən çox şadam ki, İsmayıllı rayonunun ayrı-ayrı sakinləri bizə yaxınlaşıb bu sabitliyə görə bizə təşəkkürünü bildirib", İsmayıllının istefası tələb olunan icra başçısı Nizami Ələkbərov çıxışı zamanı belə deyib.

O, rayon ictimaiyyətini hadisələri "lazımsız məcraya" yönəlməyə qoymamağa çağırıb. "Ağsaqqallara" müraciətində icra hakimi onlardan xahiş edib ki, gəncləri "başa salsınlar".

İcra başçısı rayon sakinlərini "azərbaycanlılara yaraşmayan hərəkətlərə" yol verməməyə çağırıb.

"Bəlkə azğınlaşmışıq, bəlkə bizə göz dəyib?", millət vəkili Novruz Aslan ismayıllılara müracətində belə deyib və etiraz edənləri qınamağa çağırıb.

BBC Azərbaycancanın hazırda İsmayıllıda olan müxbiri isə şəhərdə çoxlu narazı insanlara rast gəlib. Onlar müraciətlərinin cavabsız qaldığını deyirlər.

Rayonun ağsaqqalı kimi müraciət olunan Fərman Bəşirov icra hakiminə müraciətlə deyib: "Nizami müəllim, cəmiyyəti öyrənmək üçün cəmiyyətin içində olmaq lazımdır".

Xanım Cavadovanın söhbətləşdiyi sakinlər işsizlikdən və kasıblıqdan şikayətlənib. Onlar İcra başçısının və bəziləri hətta icra hakimiyyətinin tam tərkibdə istefaya getməsini istədiklərini deyirlər.

"Rayonda fəhlələrin, kasıbların pulunu kəsib villalar tikirlər", İsmayıllı sakini İntizar Süleymanov BBC Azərbaycancaya deyib.

"Dərdini, şikayətini deyəndə də özlərini elə aparırlar ki, elə bil biz onlara borcluyuq", Süleymanova deyib.

Digər bir rayon sakini isə İcra Hakimiyyətinə müraciəti zamanı "kimə istəsən şikayət elə" cavabını aldığını deyir.

Daxili İşlər Nazirliyi bildirib ki, "etirazlar zamanı insanlar 5-6 yerdə yanğın törədiblər, kanalizasiya lyuklarını çıxarıblar ki, polis texnikası küçələrdə gedə bilməsin".

Nizami Ələkbərov MediaForum saytına müsahibəsində deyib ki, sakinlər ondan heç vaxt narazı olmayıb.

"Əhali ilə çox sıx şəkildə işləmişik. İsmayıllının 105 kəndi var və mən onların hər birində olmuşam. Səyyar qəbullar keçirmişəm", rayon rəhbəri deyib.

Rayon sakinləri 100-ə yaxın adamın həbsə alındığını deyir. Rəsmi mənbələr bu barədə açıqlama verməyib.

İsmayıllıda çərşənbə günü baş verən toqquşmalardan sonra rayon sakinləri üsyan edib, otel və ən azı 3 avtomobili yandırıblar. Onlar İcra hakiminin istefasını tələb ediblər.

Nəriman adlı xəstəni rezin güllə ilə vurublar, reanimasiyadadır. O müxbirimizə deyib ki, onu cümə axşamı vurublar. "Ağrılarım çoxdur, bədənimin sol hissəsindən vurublar".

Yandırılmış Çıraq otelinin ətrafında polislər toplaşıb və istintaq getdiyi üçün həyətinə girməyə imkan verilmir.

Müxbirimiz deyir ki, hazırda İsmayıllı küçələrində dövlət markalı çoxlu avtomobil və 10-a yaxın avtobus var.

Bəzi sakinlər müxbirimizlə danışmaqdan imtina edib, həbsə alınacaqlarından qorxduqlarını deyiblər.

AzNews.az