Əli Əliyev: “Hamımız eyni bataqlığın sakinləriyik” Əli Əliyev: “Hamımız eyni bataqlığın sakinləriyik”

“İqtidar ölkəni orta əsrlər qaydası ilə idarə edir” - MÜSAHİBƏ-FOTOLAR

Əli Əliyev: “Hamımız eyni bataqlığın sakinləriyik”


Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin AzNews.az-a müsahibəsi:

- Əli bəy, ölkədəki hazırki durumu necə qiymətləndirirsiz?

- İctimai-siyasi vəziyyətə sosial vəziyyəti də əlavə etmək istərdim. Çünki ictimai-siyasi vəziyyətin özü ölkədəki iqtisadi, humanitar vəziyyətdən asılıdır. İsmayıllı hadisələri buna sübutdur. Azərbaycan iqtidarı ölkəni orta əsrlər qaydası ilə idarə edir. Hakimiyyət cəmiyyətlə sərt davranır. Bir sıra hallarda onun arxayınlaşmış, harınlamış məmurları bölgələrdə özbaşınalıqlarla məşğuldurlar, özlərini hakimi mütləq kimi aparırlar. Hətta vəziyyət o yerə çatıb ki, yerli camaatı təhqir edirlər. Bu, hakimiyyətin psixoloji durumudur. Bu, onun daxildən çürüməsinə gətirib çıxarır. Prosesin iştirakçısı olan xalq və xalqın aktiv təbəqəsini təşkil edən müxalifət qüvvələri bu zorakılığın altında inləməyə məcburdurlar. Təəssüflər olsun ki, xalqın iradəsini ifadə etməli olan müxalifət qüvvələri xalqın önündə deyil, arxasında gedirlər. İstər Quba, istər "Binə", istərsə də İsmayıllı hadisələrində müxalifət aktivlik göstərmədi. Biz də daxil olmaqla Azərbaycan müxaifəti xalqdan ayrı düşüb.

- Sizcə, indi xalqın önündə getmək mümkündürmü?

- Təbbi ki, mümkündür və lazımdır. Siyasi qüvvələrin vəzifəsi xalqın önünə çıxaraq xalqın ifadə etdiyi mövqeyi dəstəkləməkdir. Bəs, Misirdə, Liviyada inqilablar necə oldu?!

- Qərb onlara dəstək verirdi axı...

- Söhbət dəstəkdən getmir. Əvvəlcə xalqın iradəsinin ifadəçisi olmaq lazımdır. Müxalifətin bu gün qeyri-mütəşəkkil vəziyyətdə olması ölkədə prosesləri idarəolunmaz vəziyyətə gətirir.

- Partiyanız seçkilərə necə hazırlaşır?

- Biz müxalifətin birləşməsinin tərəfdarıyıq. Müxalifətin seçkilərdə vahid komanda ilə iştirak etməsinə çalışırıq. Çünki hakimiyyətin sıraları sabitdir. Müxalifət narazı elektoratı parçalamamalıdır. Ehtimal edirəm ki, müxalifət seçkilərdə vahid komanda ilə iştirak edəcək. Əgər buna nail ola bilməsək, müttəfiqlərimizlə danışıqlar aparacağıq. Hətta bu məsələdə blokla birlikdə olmasa belə, partiya olaraq mübarizə aparacağıq. Yaz mövsümünün sonlarında qurultay çağırmaq niyyətindəyik.

- Yaradacağınız blokun vahid namizədi ola bilərmi?

- Blokun yaradılması ərəfəsindəyik. Təbii ki, çalışacağıq ki, blokun vahid namizədini müəyyən edək. Deyim ki, blokun yaradılması prosesində seçki məsələsi müzakirə edilmir. Qurum daha çox prinsiplər üzərində qurulacaq.

- Hansı səbəbdən sizə Demokratik Qüvvələrin Məşvərət Məclisinə qoşulmağa imkan vermədilər?

- Özümüz həmin qurumda olmağı məqsədəuyğun saymamışıq. Çünki Məşvərət Məclisinin sonunu görmürük. Qurumun fəaliyyəti ideoloji baxımdan ziddiyyət təşkil edir.

- Mayis Güləliyev deyir ki, VİP həmin quruma qoşulmağa çalışsa da, daxildə olan bir neçə partiya bunu əngəllədi...

- Mayis müəllim yanlış deyir. Məşvərət Məclisinin tədbirinə 2 dəfə dəvət edilmişəm. Telefonuma gələn mesajlar da buna sübutdur. Bizim partiyanın orada olmasını istəməyən partiyalar olub. Bu, həqiqətdir.

- Bu məsələdə Etibar Məmmədovun da adı hallanır...

- Bilmirəm, kimin adı hallanır. Ola bilər ki, o olub. Bizi ora dəvət etsələr də, qatılmadıq. Bundan sonra da belə olacaq. Bu, kiminsə istəyi ilə deyil.

- Bəs, İctimai Palatanın fəaliyyətini necə qiymətləndirirsiz?

- Biz İP-də heç vaxt olmamışıq. Biz əvvəlcədən də həmin qurum haqqında fikirlərimizi demişdik. Çox təəssüf ki, proqnozlarımız düz çıxdı. Orada olan iki partiyanın rəqabət aparması göz qabağındadır.

- "Facebook" sosial şəbəkəsində aparılan rəy sorğuları nəticəsində Əli Kərimli İsa Qəmbərdən 5 dəfə çox səs topladı. Müsavat Partiyası isə bu rəy sorğularının saxta olduğunu bildirdi. Bəs, siz bu rəy sorğularının nəticələrinə inanırsız?

- Belə sorğular rəyin öyrənilməsi üçün bir vasitədir. Seçki ilində belə sorğuların keçirilməsi normal qarşılanmalıdır. Kimsə bunu qəbul etməyə bilər, amma fakt ortadır. Bundan əvvəl də saytların birində belə rəy sorğusu keçirildi. Burada da Müsavat Partiyası uduzdu.

- Etibar Məmmədovun, Lalə Şövkətin, Rəsul Quliyevin seçki ilində aktivləşməsini necə qiymətləndirirsiz?

- 35 yaşına çatmış hər bir Azərbaycan vətəndaşının seçkilərdə iştirak etmək hüququ var.

- Axı onların 35 yaşı xeyli vaxtdır keçib. Həm də o şəxslər Azərbaycan siyasətində vaxtilə aktiv iştirak ediblər...

- Onlar indi də aktiv siyasətdədirlər. Hər biri partiya rəhbəridir. Qeyd edim ki, Azərbaycan müxalifətinin siyasi fəaliyyəti nəticəsində müxalifət bataqlığa çevrilib. Hamımız bu bataqlığın sakinləriyik. Əslində siyasi mühit bataqlıq deyil, axar su formasında olmalıdır. Siyasi prosesdə məğlub olmuş tərəf sıradan çıxmalıdır. Siyasi arenaya yeni qüvvələr çox çətinliklə gəlirlər. 20-25 ildir siyasi elitada yer almış şəxslər bu gün də həmin postda qalmaqdadırlar. Onların rəhbərlik etdiyi təşkilatlarda rəqabət mövcud deyil. Həmin şəxslər hakimiyyətin tərs üzüdürlər. Azərbaycan hakimiyyəti necə avtoritardırsa, müxalifəti də elədir. Hətta öz postlarından getmək üçün qurultay keçirmirlər, partiyalarını öz mülkiyyətlərində saxlayırlar. Bəzilər partiyadan kənarlaşsalar da, bu o deməkdir ki, onlar partiyada gündəlik işlərlə məşğul olmayacaqlar, kənardan partiyanı idarə edəcəklər. Məsələnin başqa tərəfi ondan ibarətdir ki, ölkədə normal seçki keçirilmədiyindən bunları da başa düşmək olar. Yəni bunlar normal rəqabətdə uduzmayıblar. Bu şəxsləri qınamaqda olar, qınamamaq da. Bütün bunların günahı Azərbaycan hakimiyyətinin üzərindədir.

- Sizin partiyanı hakimiyyətə yaxınlıqda ittiham edirlər...

- Bu qərəzdən irəli gələn kiçik qrup adamın yanaşmasının nəticəsidir. Uzun müddətdir, VİP-ə qarşı bu cür addımlar atılır. Deyim ki, partiyamızın cəmiyyətdə yer almasında bir sıra müxalifət partiya liderlərinin rolu olub. Bizim müstəqil fikir yürütmək imkanımızı monopoliyaya almağa çalışan müxalifət partiyaları da olub. Bu mümkün olmadıqda bizə qarşı təhdidlərə başladılar. Müxalifət partiyalarının birinin nəzarətində olan qəzet bizim yazılarımızı dərc etmir. VİP ölkədə baş verən proseslərə qabarıq şəkildə münasibət bildirir. Biz 2005-ci ildə keçirilən parlament seçkilərinə öz etirazımızı bildirmişik və hakimiyyətə alternativ olan "Azadlıq" siyasi blokunun təsisçilərindən biri olmuşuq. 2008-ci ildə də prezident seçkilərinə etirazımızı bildirdik və 2010-cu ildə keçirilən parlament seçkilərini rəsmən tanımadıq. Bu bizim hakimiyyətə münasibətimizdir. Hakimiyyətə qarşı bu cür mövqe sərgiləyiriksə, bu ittihamı necə qəbul edə bilərik? Bu, anormal yanaşmadır.

İlkin
AzNews.az
image description image description