Ermənistan nümayəndə heyəti AŞPA sessiyasında işğal faktını etiraf edib

"AŞ PA-nın qış sessiyası çərçivəsində Ermənistanda hərbi xidmətdən imtina edən "Yehova şahidləri" dini təriqətinin üzvlərinin həbsdə olması məsələsi konkret faktlarla Azərbaycan tərəfindən qaldırılıb.

Bu məsələ Cənubi Qafqaz üzrə məruzəçi Kristofer Ştaresserin və digər anti-Azərbaycan qüvvələrin nəzərinə çatdırılıb". APA-nın məlumatına görə, bunu AŞPA-nın qış sessiyasının yekunlarına dair Milli Məclisdə keçirilən mətbuat konfransında Azərbaycan nümayəndə heyətinin sədr müavini Əli Hüseynli deyib.



Ə. Hüseynli bildirib ki, təqdim edilən faktlar arasında ümumilikdə hərbi xidmətdən imtinaya görə Ermənistanda hazırda 60 gəncin həbsdə olması faktı da var: "Ştrasser buna cavab olaraq bizə bildirdi ki, "mən bu məsələyə baxmıram". Hərçənd Ermənistandakı məsələlər də onun kurasiyasındadır".

Ə. Hüseynli onu da qeyd edib ki, Azərbaycan üzrə həmməruzəçi Pedro Aqramunt Azərbaycan torpaqlarının 20 faizinin işğal olunmasını, 1 milyondan çox qaçqın və məcburi köçkünün varlığını diqqətə çatdırarkən Ermənistan nümayəndə heyəti bu rəqəmin düzgün olmadığını bildirib: "Onlar özləri də bilmədən etirafa yol verdilər. Dedilər ki, "Azərbaycanın 20 faiz deyil, 14 faiz ərazisi işğal olunub və 1 milyon deyil, 700 min azərbaycanlı qaçqın Dağlıq Qarabağ və ətraf rayondan didərgin düşüb". Aqramunt isə dərhal onlara cavab olaraq bunun rəsmi etiraf olduğunu və həqiqətən də Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini sessiya iştirakçılarının diqqətinə çatdırdı. Bu, erməniləri və ermənipərəst AŞ PA üzvlərini pis vəziyyətdə qoydu".