İslam Partiyası İctimai Palata ilə əməkdaşlıq edəcək

"Azərbaycan İslam Partiyası müxalifətdə təmsil olan bəzi partiyalarla seçki strategiyası ilə bağlı müzakirələr aparacaq". Bunu APA-ya açıqlamasında Azərbaycan İslam Partiyasının (AİP) sədr müavini Hacı Akif Heydərli deyib.

Onun sözlərinə görə, dövlət qeydiyyatına alınmadığı üçün AİP-in seçkidə partiya şəklində iştirakı mümkün olmayacaq. Partiya prezident seçkilərində iştirakla bağlı qərar qəbul edərsə, islamçılar bu prosesdə təşəbbüs qrupu formatında iştirak edəcəklər: "Yəni namizədin irəli sürülməsi məsələsi bu formatda reallaşacaq. Partiyanın namizədinin müəyyənləşdirilməsində problem yoxdur. Sadəcə açıqlanmasını məqsədəuyğun hesab etmirik".

A.Heydərli seçkinin boykot edilməsi məsələsinin də gündəmdə olduğunu qeyd edib: "Seçki kampaniyasının başlanmasına qədər bu proseslə bağlı mövqeyimizə dair konkret qərarımız açıqlanmayacaq".

O qeyd edib ki, AİP-in müxalifət birliklərində təmsilçiliyi məsələsi müzakirə mövzusu olmasa da, daxili inteqrasiyanın tərəfdarıdır: "Bu çərçivədə yaxın vaxtlarda İctimai Palata ilə seçkidə əməkdaşlıq məsələsinə dair müzakirələrə başlanacaq. Artıq müzakirələrin aparılması ilə bağlı razılaşma əldə olunub".