Məmmədyarov Rəhimpurla görüşdü

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov İran Xarici İşlər nazirinin müavini İbrahim Rəhimpuru qəbul edib.

XİN-in mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla İran arasında münasibətlərin hazırkı səviyyəsi məmnunluqla qeyd olunub, ölkə rəhbərlərinin iradəsinə uyğun olaraq, əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə edilib.

E. Məmmədyarov bildirib ki, dövlət başçıları səviyyəsində keçirilən görüşlər, yüksək səviyyəli qarşılıqlı səfərlər, hökumətlərarası birgə komissiyanın fəaliyyəti, insanlar arasındakı təmaslar Azərbaycan və İran arasında əməkdaşlığın hərtərəfli inkişafında mühüm rol oynayır.

Görüşdə 25-26 yanvar tarixlərində Bakıda keçirilən Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun 48-ci iclasının əhəmiyyəti qeyd olunub və aparılan müzakirələrin Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması işinə əsaslı töhfə verdiyi bildirilib.

Söhbət əsnasında iki ölkəni birləşdirən nəqliyyat dəhlizlərinin, o cümlədən Şimal-Cənub dəmir yolu xəttinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Üçtərəfli əsasda Azərbaycan-İran-Türkiyə formatında əməkdaşlığın regionda sülh, sabitlik və çiçəklənmənin təmin olunmasına xidmət etdiyi vurğulanıb.

İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpur 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan prezidentinin sərəncamını yüksək qiymətləndirib və bunun müdrik bir qərar olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq kəsb edən regional və qlobal məsələlərə dair fikir mübadiləsi aparılıb.