Tarix yenə saxtalaşdırıldı Tarix yenə saxtalaşdırıldı

İranda Azərbaycan əleyhinə daha bir seminar

Tarix yenə saxtalaşdırıldı



Yanvarın 27-də Təbrizdə Aran İnstitutunda İran-Azərbaycan münasibətlərinə həsr edilən seminar keçirilib. İran mətbuatının yazdığına görə, seminarda Təbriz, Azərşəhr və Üskü əhalisinin parlamentdəki nümayəndəsi və Sosial Siyasət Komissiyasının vitse-prezidenti Məhəmməd İsmayıl Səidi çıxış edib: "Bəzi regional və transregional güclər bu iki ölkə münasibətlərinin müxtəlif sahələrdə yaxşılaşmasına qarşıdırlar. Bu arada sionistlər güclü rol ifa edirlər".

Səidi İranda yaşayan türkləri "azərilər" adlandıraraq Səfəvi dövlətini İran dövləti kimi təqdim edib: "İlk dəfə olaraq şah İsmayıl Sasanilərdən sonra Təbrizdə əhatəli və milli dövlət yaradaraq İranın əzəmətini yenidən diriltdi. Təbriz xalqı Demokrat Firqəsi hərəkatında və ondan sonra İranın birliyini bir daha sübut etdilər. Bu günləri də həmin Azərbaycan xalqı sionistlərin və transmilli güclərin istədiklərinin əksinə olaraq İran və Azərbaycan arasında münasibətlərin möhkəmlənməsinin səbəbkarı ola bilərlər. Bu barədə Xarici İşlər Nazirliyi lazım olan şəraiti yaratmalı və Azərbaycan dövlətinin İran və din əleyhinə siyasətində fikrini dəyişdirməyə çalışmalıdır".

Parlament üzvü Azərbaycanda hicab məsələsinə də toxunub: "Azərbaycan xalqı hətta, kommunistlər dövründə alim və dindarlara olmazın işgəncələr verilməsinə baxmayaraq, öz dinlərini qoruyub saxlayıb. Azərbaycan islamçılarının islamsevərliyini hicab hərəkatı mövzusu bir daha təsdiq etdi. Bu günləri İran xalqının, xüsusilə də Azərbaycan hissəsinin əhalisinin, alimlərinin, universitet müəllimlərinin vəzifəsi Azərbaycan Respublikası xalqının öz dini etiqadlarını və tarixi mədəniyyətini möhkəmləndirməsi və dərinləşdirməsində kömək etməkdir ".

Səidi çıxışında Ərdəbilin deputatı Həqiqətpurla Milli Məclisin üzvü Siyavuş Novrizov arasında məktublaşmaya diqqət çəkib: "Bu növ addımlar faydalıdır və iki ölkə tarixçiləri arasında müzakirələrə zəmin yarada bilər.
İslami Şura Məclisinin nümayəndəsinin Azərbaycan Parlamentinin nümayəndəsinə yazdığı axırıncı məktubunda bir sıra tarixi həqiqətlərə toxunulub və azərbaycanlı deputatlar və tarixçilər mühazirə və müzakirələrə dəvət olunub. Lakin hələ onlar tərəfindən bu dəvətə bir cavab verilməyib".

Sosial Siyasət Komissiyasının vitse-prezidenti Qarabağ münaqişəsinin həllində ölkəsinin vasitəçilik etməyə hazır olduğunu da vurğulayıb.

Maraqlıdır ki, seminar Güney Azərbaycanda milli hərəkatın daha da fəallaşdığı, çox sayda hərakatçının həbs edildiyi və Azərbaycan Respublikasına qarşı bir sıra ittihamların irəli sürüldüyü dövrə təsadüf edib. Və seminar iki ölkə arasında münasibətlərə həsr edilsə də Azərbaycan tərəfindən tədbirdə iştirak edənlər barədə məlumat verilməyib.

Elnarə Əlosmanqızı
AzNews.az