"2000 və 2003-cü illərdə birmənalı olaraq Müsavatla birgə olmuşuq, 2005-ci ildə isə onlar “Yurd”la bir blokda fəaliyyət göstəriblər” "2000 və 2003-cü illərdə birmənalı olaraq Müsavatla birgə olmuşuq, 2005-ci ildə isə onlar “Yurd”la bir blokda fəaliyyət göstəriblər”

Mirmahmud Mirəlioğlu: “İctimai Palata iki partiyanın ittifaqıdır“ - MÜSAHİBƏ

"2000 və 2003-cü illərdə birmənalı olaraq Müsavatla birgə olmuşuq, 2005-ci ildə isə onlar “Yurd”la bir blokda fəaliyyət göstəriblər”




Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun APA-ya müsahibəsi

- Prezident seçkilərində namizəd olaraq iştirak qərarını verdiniz...

- Seçkilərdə həmişə iştirak etmişik. Lakin prezident seçkilərində namizəd olaraq iştirakım olmayıb. Partiyamızın sədri Əbülfəz Elçibəy dünyasını dəyişəndən sonra 2000-ci ildə, istərsə də digər seçkilərdə mübarizə aparmışıq. Lakin ad davası seçkilərdə partiya olaraq iştirakımızda bir müddət məhdudiyyətlər yaradıb. Bunların hamısı siyasi şəraitin diqtəsi olub. Amma 2010-cu il parlament seçkilərinin nəticəsinə görə də, hətta ondan sonra da mövqeyimizi açıqlamışam. Yəni partiyamız seçkilərdə iştirak etməsə belə, mən namizədliyimi irəli sürəcəyəm. Bu, hətta təşkilatın daxilində birmənalı qarşılanmayıb. Açığı, partiyanın Ali Məclisinin əvvəlki sessiyalarında da namizədliyimin irəli sürülməsi ilə bağlı təkliflər olub. Amma bu məsələnin zamanında açıqlanmasını və müzakirələrə başlanmasını istəyirdik. Bir də ki, namizədliyimizin irəli sürülməsi haqqımızdır.

- Müxalifətin seçkilərdə birgə iştirakı ilə bağlı aparılan danışıqları, müzakirələri, ümumiyyətlə, bu istiqamətdə edilən cəhdləri necə dəyərləndirirsiniz?

- Hər kəs öz baxışı və qabiliyyəti səviyyəsində məsələyə yanaşır. Sadəcə, bir yaxşı hal müxalifəti bir araya gətirə bilən "Seçki islahatları Memorandumu"nun təqdir edilməsidir. Bu mühitin yaranmasında birgə fəaliyyət göstərəcəyik. Dəyərləndirməyə gəldikdə, onu deyim ki, arzularımız başqadır, qabiliyyətimiz isə bir başqadır.

- Bəs müxalifətin bir neçə namizədlə prezident seçkilərinə qatılmasını necə xarakterizə edərdiniz?

- Müxalifət necə rəngarəngdirsə - fərqli birlik və ittifaqlar varsa, namizədlər də bu şəkildə olacaq. Son nəticədə isə birgə fəaliyyət üçün növbəti addımlar olacaq.

- Növbəti addımlar dedikdə, nəyi nəzərdə tutursunuz?

- Bilirsiniz, bu gün Azərbaycan vətəndaşının qəribə bir istəyi - vahid namizəd, hamının bir yerdə olması istəkləri mövcuddur. Tarixən isə heç də hamı bir yerdə olmayıb. Müxalifət yalnız bir dəfə - 1992-ci ildə bir yerdə ola bilib. Hətta müxalifətin güclü vaxtında - 1998-ci ildə birgə ola bilməmişik. 1998-ci ildə bütün siyasi vəziyyətin bir rəhbəri vardı, o da Əbülfəz Elçibəy idi. O, 1997-ci ildə Bakıya qayıtdıqdan sonra yeni situasiya yarandı, 1998-ci ildə keçirilən prezident seçkilərində isə müxalifət seçkiləri əsasən boykot etdi. Bu da məhz Əbülfəz Elçibəyə görə edildi. Hətta həmin zamanlarda belə biz bir yerdə ola bilmədik. Əbülfəz Elçibəyin istəyinin əleyhinə olaraq da bu məsələ baş tutmadı.

- Həmin dövrdə Elçibəyin prezidentliyə namizədliyinin dəstəklənməsinə qarşı çıxanların adını açıqlamaq mümkündürmü?

- Ataların məşhur sözü var, "Görünən dağa nə bələdçi". Bunun üçün xüsusi bir addım atmağa ehtiyac yoxdur. Həmin vaxtlar yeniyetmə deyildik və bütün proses də göz önündə idi.

- 1998-ci il prezident seçkilərində Əbülfəz Elçibəyin namizədliyinin dəstəklənməməsinə səbəb nə idi?

- Nəinki namizədliyini, hətta liderliyini qəbul etməyənlər oldu. Bu adamlar indi də ortadadır. Bunun üzərində dayansaq, onda belə qənaətə gələcəklər ki, sanki mən hələ 1998-ci il hadisələrinə görə öz namizədliyimi irəli sürmüşəm. Yəni dediklərimə bu cür səthi yanaşıb qiymətləndirənlər ola bilər.

- Belə olan təqdirdə, Elçibəyi qəbul etməyənlərlə indi bir masa arxasında oturmaq nə qədər düzgündür?

- Əbülfəz Elçibəyin təbirincə desək, "neyləyək ki, olanımız budur, gedib başqa yerdən insanları gətirib formalaşdırmaq mümkün deyil".

- Hazırkı məqamda müxalifətin seçkiyə hazırlığını necə dəyərləndirirsiniz?

- Yenə də hər kəs öz qabiliyyətinə və baxışlarına görə məsələlərə yanaşır. Əslində bir reallıq var. Hələ ki, bütün məsələlər mediada qurulur. Buradan o tərəfə heç nə yoxdur. Hətta bir internet saytının inkişafına həsr edilən vaxt qədər Azərbaycanda siyasi proseslərə - əxlaqlı siyasətə zaman ayrılmır. Artıq uzun illərdir belədir.

- İctimai Palata ilə yollarınız niyə ayrıldı?

- İlkin iclaslarda iştirak etmişik. Bu gün partiyanın təmsilçisi bu qurumda təmsil olunur.

- Siz də İctimai Palatanın təsisçilərindən birisiniz?

- Bəli, biri saymaq olar.


- Ona görə də bu qurumun fəaliyyətinə qiymət verə bilərsiniz...

- Xeyr, özümü İctimai Palatanın fəaliyyətinə qiymət verməkdən saxlayıram. Çünki bu, kənardan qiymətləndirmək olar. Həmin qurumda böyük əksəriyyət məni İctimai Palatanın əleyhdarı olan şəxs kimi tanıyır. Əslində isə belə deyil.

- Əslində necədir?

- Əslində İctimai Palata iki partiyanın nüfuz dairəsindədir. Belə demək mümkündürsə, iki partiyanın ittifaqıdır. Bu qurum yaradılanda tərtib olunan əsasnamə artıq tarixin yaddaşına göndərilib. Qarşısına qoyduğuna çatıb-çatmamasının təhlili bir ayrı məsələdir. Obyektiv təhlil etsəm, tənqid etməli olacağam. Tənqidçi də olmaq istəmirəm.

- Uzun illər bir düşərgədə olan şəxslərin indi ayrı-ayrı qurumlarda fəaliyyət göstərməsini yaradan amillər haradan qaynaqlanır?

- Müsbət tərəflərini siz yadınızda saxlamışsınız. Yəni bir yerdə olduğumuz zamanları. Amma bir yerdə olmadığımız dövrlər də olub. Mən heç kimin əleyhinə olmamışam. Sadəcə, məsələlərə qiymət verərkən çalışmışam ki, obyektiv, ədalətli yanaşma olsun. 2000-ci, 2003-cü illərdə bir yerdə olmuşuq. Məsələn, 2000-ci ildə AXCP olaraq bizim çağırışımızla bütün şöbələrimiz Müsavat Partiyasının namizədlərinə səs verib. Hətta Müsavat Partiyasının şöbəsinin olmadığı rayonda belə bu partiya qələbə çalıb. Bu qələbəni açıqlayıblar, lakin AXCP-nin adını çəkməyiblər. 2003-cü ildə birmənalı olaraq birgə olmuşuq. 2005-ci ildə isə onlar bizimlə birgə olmayıblar və "Yurd"la bir blokda fəaliyyət göstəriblər. Yəni belə məsələlər olub.

- Demək olar ki, partiya şəklində müxalifət düşərgəsində mövcud olan bütün birlik və ittifaqlarda təmsil olunursunuz. Amma aktiv fəaliyyətiniz hiss olunmur...

- Son vaxtlar aktiv fəaliyyətə başlamışıq. İştirak etdiyimiz tədbirlərin sayı artacaq. Bu günə qədər müxalifətin birliyi istiqamətində də bir sıra fəaliyyətimiz olub. Lakin bu birlik alınmayıb. Bu birlik alınmadığı təqdirdə, hazırkı məqamı daha uyğun hesab edirəm.

- Müxalifətdən prezidentliyə namizədlərin çoxluğu nəyi dəyişə və ya nəyə ziyan vura bilər?

- Bu fikirləri söyləyənlərin özü birbaşa iqtidara xidmət edir. Son nəticədə bütün məsələlər həll olunmalıdır. Məncə, namizədlərin çox olması normaldır. Amma bu namizədlər özlərinə güc tapıb bir-birini qəbul edə, ortaq məxrəcə gələ bilərlər. Prezidentliyə namizədlərin bir birliyinin olması dəyərləndirilməli təşəbbüsdür.

- Namizədlər arasında güzəşt imkanları nə dərəcədədir?

- Hər zaman güzəşt imkanları var. Amma kim nəyə, hansı vəziyyətə görə güzəşt etməlidir. Bu məsələ aydınlaşmalıdır.

- Bir müddət öncə KXCP-ni tərk edənlər sizin təşəbbüsləri qiymətləndirmədiyiniz haqda bəyanat səsləndirdilər. Doğrudanmı siz partiya üzvlərinin, funksionerlərinin təşəbbüslərinə laqeyd yanaşmısınız?

- Bu adamların sırasında mənim dostlarım da olub. Azərbaycanda Klassik Xalq Cəbhəsi Partiyası qədər demokratik təşkilat yoxdur. Biz bu və ya digər məsələlərdə Əbülfəz Elçibəyin yolunu əsas götürürük. Onların iradları partiyanın idarəçiliyi və ya burada verilən qərarlarla bağlı deyildi. Bu adamların qəsdi mənim şəxsimə qarşı idi. Məsələ budur.

- Bu məsələdə kənar partiyaların izini hiss etmişinizmi?

- Kim nə istəyirsə, edə bilər. Bunu araşdırmağa vaxt ayırmıram.

- KXCP-nin daxilində yaranan həmin fraksiya iddia edirdi ki, partiya və onun sədri müxalifətdən kənarda qalıb...

- Bu yanaşmaya da hörmət edirəm. Obyektiv olub-olmaması ayrı məsələdir. Tarix bu ittihamın da öz qiymətini verəcək. Hər halda, xəyanət edənləri stimullaşdırmağın özü xəyanətdir.

AzNews.az