M.Ə.Rəsulzadənin doğum günüdür



Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri Məmmədəmin Rəsulzadənin doğum günüdür. O, 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

"Rus-müsəlman" məktəbini bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib. Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir.

1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 27-də ləğv olunmuş Zaqafqaziya seyminin müsəlman fraksiyası əsasında yaranan milli şürasının sədri seçilib. Bununla da Azərbaycan istiqlaliyyəti elan edilib.

M.Ə. Rəsulzadə 1955-ci ilin martın 6-da Ankara Universitetinin tibb fakültəsinin klinikasında şəkər xəstəliyindən vəfat edib.


AzNews.az