Fuad Qəhrəmanlı: «İnanclı kəsimin demokratik qüvvələrlə əməkdaşlığın zəruriliyini vurğulaması pozitiv bir məqamdır» Fuad Qəhrəmanlı: «İnanclı kəsimin demokratik qüvvələrlə əməkdaşlığın zəruriliyini vurğulaması pozitiv bir məqamdır»

İctimai Palata İslam Partiyasına “hə” dedi

Fuad Qəhrəmanlı: «İnanclı kəsimin demokratik qüvvələrlə əməkdaşlığın zəruriliyini vurğulaması pozitiv bir məqamdır»





Azərbaycan Islam Partiyası (AIP) müxalifətdə təmsil olan bəzi partiyalarla seçki strategiyası ilə bağlı müzakirələr aparmaq niyyətindədir. Bu barədə AIP-in sədr müavini Hacı Akif Heydərli deyib. Onun sözlərinə görə, dövlət qeydiyyatına alınmadığı üçün AIP-in seçkidə partiya şəklində iştirakı mümkün olmayacaq. Partiya prezident seçkilərində iştirakla bağlı qərar qəbul edərsə, islamçılar bu prosesdə təşəbbüs qrupu formatında iştirak edəcəklər: "Bu çərçivədə yaxın vaxtlarda Ictimai Palata ilə seçkidə əməkdaşlıq məsələsinə dair müzakirələrə başlanacaq. Artıq müzakirələrin aparılması ilə bağlı razılaşma əldə olunub".

Məsələ ilə bağlı AXCP sədrinin müavini Fad Qəhrəmanlı bildirdi ki, ölkədə hazırda elə bir situasiya yaranıb ki, demokratik dəyişikliklərin baş verməsi hər hansı partiyanın resursları hesabına mümkün deyil. Demokratik dəyişikliklərin baş verməsi üçün cəmiyyətin bütün demokratik spektorunun səfərbər olunmasının vacibliyini deyən F.Qəhrəmanlı vurğuladı ki, bu baxımdan AIP-in demokratik qüvvələrin birliyinin zəruriliyini qəbul etməsi və əməkdaşlıq etmək niyyətini açıqlaması pozitiv məqamdır: "Çünki demokratik azadlıqların təmin olunmaması bu gün təkcə demokratik qüvvələrin problemi deyil. Bu həm də inanclı kəsimin problemidir. Təcrübə göstərir ki, məhz belə şəraitdə heç kim öz baxışlarını sərbəst və azad şəkildə ifadə edə bilmir. Inanclı insanlar da bu rejimin represiyalarını öz üzərlərində kifayət qədər hiss ediblər. Bu baxımdan demokratik qüvvələrlə əməkdaşlığın zəruriliyinin vurğulanması pozitiv bir məqamdır".

IP və o cümlədən AXCP-nin AIP-ə qarşı repressiyaların durdurulması ilə bağlı öz mövqelərini bildirdiklərini deyən F.Qəhrəmanlı vurğuladı ki, bu baxımdan bu gün Islam Partiyası ilə nə AXCP, nə də IP arasında elə bir psixoloji sədd var: "IP ilə AIP arasında danışıqlar başlayacaqsa, biz əl-ələ verib ölkədə demokratik dəyişikliklərə nail olmağı bacaracağıq. Ölkədə demokratik seçki mühiti yoxdursa, demokratik azadlıqlar təmin olunmayıbsa, hakimiyyətin məmur özbaşınalığı, korrupsiya siyasəti davam edirsə, bundan hər kəs əziyyət çəkir. Bu baxımdan AXCP demokratik dəyişikliklərə nail olmaq üçün müxalifətin geniş koalisiyasına nail olmaq prinsipini dönmədən dəstəkləyir. Hesab edirəm ki, Islam Partiyasının bu mövqeyi də AXCP-nin birliklə bağlı irəli sürdüyü təkliflərin doğru olduğunu təsdiqləmiş olur".

AzNews.az