Prezident “Bakı Ürək Günləri”nə məktub göndərdi

Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Bakı Ürək Günləri” V Beynəlxalq Konqresinin iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Trend-in məlumatına görə, məktubu konqresin açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə oxuyub.

Məktubda bildirilir:

“Hörmətli konqres iştirakçıları! Sizi - Azərbaycan kardioloqlarını və müxtəlif ölkələrdən Bakıya gəlmiş alimləri səmimi qəlbdən salamlayır, hər birinizə insanların sağlamlığı naminə nəcib fəaliyyətinizdə nailiyyətlər arzulayıram.

“Bakı Ürək Günləri” Beynəlxalq Konqresinin təşkilinin artıq ənənəvi şəkil alması onun kardiologiya və ürək-damar cərrahiyyəsinin inkişafı sahəsində nüfuz qazandığını göstərir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş konqresin işində dünyanın müxtəlif mötəbər tibb müəssisələrinin, o cümlədən ABŞ-ın Klivlend Klinikasının, Almaniyanın Berlin Ürək Mərkəzinin, Türkiyə, Rusiya, İsveçrə, Avstriya və digər ölkələrin tibb müəssisələrini təmsil edən 400-ə yaxın kardioloq, alim və cərrahın iştirakı təqdirəlayiqdir.

Yaxşı məlumdur ki, kardioloji xəstəliklər müasir dövrdə insanların ən çox məruz qaldığı xəstəliklərdəndir. Dünyanın nüfuzlu kardioloji mərkəzlərində aparılan ən çətin əməliyyatların hazırda ölkəmizdə yeni nəsil kardioloqların fəaliyyəti sayəsində uğurla həyata keçirilməsi fərəh doğurur. Beynəlxalq təcrübədən qarşılıqlı sürətdə lazımınca faydalanmaqla kardiologiyanın aktual problemlərinin həllinə yönəlmiş birgə səylərinizin gözəl bəhrə verəcəyinə inanıram.

Sevindirici haldır ki, Azərbaycan səhiyyəsinin bügünkü vəziyyəti təbabətin sürətlə inkişaf edən sahələrindən biri kimi kardiologiya elminin ən son nailiyyətlərinin tətbiqinə, ürək xəstəliklərinin müasir terapevtik və cərrahi üsullarla müalicəsinin təmin olunmasına əlverişli şərait yaradır. Ölkəmizdə gerçəkləşdirilən bir çox tədbirlər, xüsusilə əhalinin müntəzəm dispanserizasiyası, sağlam həyat tərzinin təbliği, idman və bədən tərbiyəsinin geniş vüsət alması kardioloji xəstəliklərin profilaktikasına xidmət edir.

Builki konqresin böyük müvəffəqiyyətlə başa çatmış IV İslam Həmrəyliyi Oyunlarının ardınca keçirilməsi idman və təbabət arasında bağlılıq baxımından rəmzi məna daşıyır. Son illər Azərbaycanda mütəmadi təşkil olunan beynəlxalq səviyyəli mötəbər tədbirlər müxtəlif ölkələrdən gələn qonaqlara dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmiş Bakı ilə, xalqımızın mədəniyyət, elm və iqtisadiyyatda nail olduğu parlaq nəticələrlə tanışlıq imkanı yaradıb. Əminəm ki, siz də doğma vətəninizə xalqımızın və şəhərimizin haqqında aldığınız xoş təəssüratla dönəcəksiniz.

Ümidvaram ki, yüksək elmi və elmi-təcrübi əhəmiyyətə malik bu konqres azərbaycanlı mütəxəssislərin öz xarici həmkarları ilə əməkdaşlıq əlaqələrini daha da genişləndirəcək və tibb elminin inkişafına böyük töhfəsini verəcək”.

AzNews.az