Nəsib Nəsiblinin siyasi konyukturasına hüquqi cavab

Şəxsinə hər zaman ehtiramla yanaşdığım tarixçi Nəsib Nəsibli vahid məktəbli formaları standartı ilə bağlı Nazirlər Kabinetinin qərarının Konstitusiyaya zidd olduğunu iddia edib və bu üzdən dəyişdirilməsini təklif edib. Möhtərəm Nəsib Nəsiblinin dəfələrlə Azərbaycanın ideoloji məkanı üçün zərərli və elmi baxımdan tənqidə dözümsüz diskurslar yaratmağa cəhd etdiyini müşahidə etmişəm. İndi bunları açıb-ağartmağın yeri deyil.

Sadəcə, ixtisasca hüquqşünas olmasa belə, keçmiş deputat kimi Nəsib Nəsiblinin Azərbaycan qanunvericiliyi, beynəlxalq insan hüquq və azadlıqları barədə bu qədər səthi təsəvvürlərə malik olduğuna inanmaq istəmirəm. Onun sözügedən mövqeyi heç bir hüquqi əsasa malik olmayan siyasi konyukturadır. Azərbaycanın müstəqil dövlətçilik fəlsəfəsinin əsasını təşkil edən kateqoriyalardan olan sekulyarlığa qarşı bu konyuktur hücumu qətiyyətlə pisləyirəm.

Əgər Nəsib Nəsiblinin sırf hüquqi baxımdan məsələnin mahiyyətini başa düşmək, dünyəvi dövlətin öz təhsil sistemində tənzimləmələr həyata keçirmək, dini atributların məktəbə girişini yasaqlamaq ixtiyarının Konstitusiyaya, insan hüquq və azadlıqlarına zidd olmadığının hüquqi əsaslarını bilmək istəyirsə, buyursun.

Eyni zamanda, "Leyla Şahin Türkiyəyə qarşı" işi üzrə AİHM qərarını və digər presedent qərarları şəxsən oxuması faydalı olar.

***

Azərbaycanda vahid məktəbli formasının tətbiqi ətrafında yaranan müzakirələrdə hüquqi məsələnin mahiyyətindən yayınaraq dünyəvi təhsil prinsipi ilə vicdan azadlığını və dini etiqad hüquqlarını qarşı-qarşıya qoyan yanaşmalarla rastlaşırıq. Halbuki demokratik hüquqi dövlətdə bu iki dəyər bir-birini inkar etmir. Əksinə, dövlətin vəzifəsi dini etiqad azadlığına hörmət etməklə yanaşı, təhsil müəssisələrində ümumi qaydaları, bərabərliyi və təhsilin dünyəvi xarakterini təmin etməkdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli qərarı ilə təsdiq edilmiş dövlət ümumi təhsil müəssisələrinin şagirdləri üçün geyim formalarına dair təsvirlərə 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli qərarla dəyişiklik edilib. Yeni redaksiyada müəyyən olunmuş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərinin istifadəsinə yol verilməməsi təsbit edilib.

Mən bu qərarı hüquqi və ideoloji baxımdan dəstəkləyirəm. Çünki dövlət məktəbində vahid geyim standartının müəyyənləşdirilməsi, bəzilərinin iddia etdiyi kimi, vicdan azadlığının pozulması demək deyil. Bu mövqeyimin ən mühüm əsaslarından biri Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) din azadlığı, dünyəvi təhsil və təhsil müəssisələrində geyim qaydaları ilə bağlı formalaşdırdığı presedent hüququdur.

İlk növbədə, hüquqi mübahisənin əsasını təşkil edən anlayışları düzgün müəyyənləşdirmək lazımdır. Avropa İnsan Hüquqları Konvensiyasının 9-cu maddəsi fikir, vicdan və din azadlığını qoruyur. Lakin bu maddənin ikinci bəndi dini etiqadın legitim məqsəd daşıyan və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala biləcəyini açıq şəkildə müəyyən edir:

SİTAT: "Öz dininə və baxışlarına etiqad etmək azadlığı yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və yadigər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilər".

Burada fundamental hüquqi fərq var: insanın hər hansı dinə inanmaq, inanmamaq, dini əqidəsini dəyişmək və ya müəyyən əqidəyə sahib olmaq azadlığı ilə həmin əqidəni hər şəraitdə istədiyi formada zahirən ifadə etmək imkanı eyni hüquqi rejimə malik deyil. Daxili etiqad azadlığı ilə onun zahiri təzahürlərinə qoyula bilən məhdudiyyətləri bir-birinə qarışdırmaq Konvensiyanın 9-cu maddəsinin məzmununu təhrif etməkdir.

Deməli, dini geyim elementinin insan üçün dini əhəmiyyət daşıması həmin geyimin bütün ictimai institutlarda, bütün şəraitlərdə və hər hansı ümumi qaydadan üstün tutmaqla istifadəsinə hüquqi zəmin yaratmır.

Mövzu ilə bağlı ən mühüm presedentlərdən biri AİHM-in Böyük Palatasının 10 noyabr 2005-ci il tarixli Leyla Şahin Türkiyəyə qarşı işidir (ərizə № 44774/98).

İş İstanbul Universitetinin tibb fakültəsində təhsil alan Leyla Şahinin müsəlman baş örtüyü ilə universitetə gəlməsinə qoyulan məhdudiyyətlə bağlı idi. Ərizəçi dini etiqad azadlığının pozulduğunu iddia edirdi. AİHM isə işin konkret şəraitini, Türkiyənin konstitusion dünyəvilik prinsipini, universitet mühitinin xüsusiyyətlərini və dövlətin bu sahədə malik olduğu qiymətləndirmə sərbəstliyini nəzərə alaraq Konvensiyanın 9-cu maddəsinin pozulmadığı qənaətinə gəldi.

Bu qərarın Azərbaycan kontekstində əhəmiyyəti ondadır ki, AİHM dini etiqad azadlığını dövlətin təhsil sistemində qaydalar müəyyən etmək səlahiyyətini aradan qaldıran amil kimi qəbul etməyib. Məhkəmə dövlətin dünyəvi təhsil sisteminin xüsusiyyətlərini, hüquq və azadlıqlar arasında tarazlığın qorunmasını və konkret məhdudiyyətin mütənasibliyini nəzərə alıb.

Qərarın ifadə etdiyi hüquqi prinsip aydındır: dini motivin mövcudluğu təhsil müəssisəsinin legitim və mütənasib qaydalarından üstün deyil.

Başqa sözlə, sırf hüquqi baxımdan ümumi təhsil müəssisəsində vahid geyim standartının müəyyən edilməsi Konvensiyaya zidd hesab edilmir.

Məktəbli geyimi ilə bağlı daha birbaşa əhəmiyyət daşıyan qərarlar AİHM-in Dogru Fransaya qarşı və Kervanci Fransaya qarşı işləridir. Hər iki iş üzrə nəticə 4 dekabr 2008-ci ildə elan edilib və məktəbdə dini geyimlə bağlı mübahisələri əhatə edib.

Dogru işində müsəlman şagirdin bədən tərbiyəsi dərslərində baş örtüyünü çıxarmaqdan imtina etməsi və bunun nəticəsində məktəbdən xaric edilməsi mübahisələndirilirdi. Kervanci işi də bədən tərbiyəsi dərslərində dini baş örtüyü ilə bağlı oxşar vəziyyətdən irəli gəlirdi.

AİHM bu işlərdə konkret şəraitə əsaslanaraq Konvensiyanın 9-cu maddəsinin pozulmadığı nəticəsinə gəldi. Məhkəmə məktəbdə tədrisin normal təşkilini, təhlükəsizlik tələblərini, təhsil prosesinin xüsusiyyətlərini və dünyəvi təhsil mühitini nəzərə aldı.

Bu qərarların əhəmiyyəti ondadır ki, AİHM dini etiqad azadlığını şagirdin məktəbin ümumi qaydalarına əməl etmək öhdəliyini aradan qaldıran hal kimi şərh etməyib.

AİHM-in Dahlab İsveçrəyə qarşı işi də dünyəvi təhsil mühitinin hüquqi mahiyyətini anlamaq baxımından əhəmiyyətlidir. Həmin işdə ibtidai sinif müəlliminin dərs zamanı islami baş örtüyü taxmasına qoyulan qadağa mübahisələndirilirdi. Məhkəmə 15 fevral 2001-ci il tarixli qərardadında ərizəni qəbuledilməz saydı.

Məsələnin milli hüquqi əsasları da aydındır. Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsi dinin dövlətdən ayrı olduğunu və dövlət təhsil sisteminin dünyəvi xarakter daşıdığını müəyyən edir. Konstitusiyanın 42-ci maddəsi təhsil hüququnu, 48-ci maddəsi isə vicdan azadlığını qoruyur.

Bu müddəalar bir-birinə qarşı qoyula bilməz! Daha aydın desəm, Konstitusiyanın 48-ci maddəsi heç kimə öz inancını dövlət məktəbində təhsil standartlarından üstün tutmaq və ya hər hansı geyim qaydasına riayət etməmək hüququ yaratmır. Hüquqi yanaşma bu normaların sistemli şərhinə əsaslanmalıdır.

Hər kəsin bilməsi lazımdır ki, dünyəvilik dövlətin dini institutlardan müstəqilliyini, təhsilin dini doqmalar əsasında deyil, ümumi qanunlar və təhsil standartları əsasında təşkilini nəzərdə tutur. Dövlət məktəbi fərqli inanclara və dünyagörüşlərinə sahib uşaqların bərabər hüquqlu iştirak etdiyi ümumi ictimai institutdur. Məktəbdə vahid forma bu mənada neytral institusional standart rolunu oynayır. Şagirdlərin geyimi onların ailələrinin maddi imkanlarının, sosial statuslarının və ya müxtəlif qruplara mənsubiyyətlərinin nümayişinə çevrilməməlidir. Ümumi geyim qaydası məktəbdə ortaq mühitin formalaşmasına xidmət edir. Dövlət məktəbi uşaqlara ortaq vətəndaşlıq məkanında iştirak etməyi, ümumi qaydalara hörmət göstərməyi və fərqliliklər içərisində bərabərliyi öyrətməlidir. Şagirdin ümumi qaydaya riayət etməsi ilə fərdi inanca sahib olması arasında mütləq ziddiyyət yoxdur.

Taleh ŞAHSUVARLI