Sülh müqaviləsi niyə imzalanmır? – Ekspertdən İrəvanın GİZLİ TAKTİKASI ilə bağlı ŞƏRH

"Hazırkı danışıqlar prosesini müşahidə etdikdə belə qənaətə gəlmək olar ki, Ermənistan sülh müqaviləsinin imzalanması istiqamətdə hələlik ölkə daxilində ciddi addımlar atacağı ilə bağlı yalnız vədlər verir.
Azərbaycanın əsas gözləntilərindən biri Ermənistanın seçkilərdən sonra bu məsələlərlə bağlı konkret addımlar atması idi. Gözlənilirdi ki, Nikol Paşinyan seçkilərdə kifayət qədər səs toplayaraq yenidən liderliyini möhkəmləndirdikdən sonra sülhün təmin olunması istiqamətində real addımlar atacaq. Burada əsas məsələ Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının konstitusiyadan və Müstəqillik Bəyannaməsindən çıxarılmasıdır.
Lakin hüquqi müstəvidə, eləcə də Ermənistan cəmiyyətinin maarifləndirilməsi və ictimai rəyin bu istiqamətdə formalaşdırılması baxımından hələlik ciddi irəliləyiş müşahidə olunmur. Əvəzində N. Paşinyan çıxışlarında yeni tezislər irəli sürür və sülh müqaviləsinin 2031-ci ilədək imzalanması ehtimalından danışır".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib.

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh prosesinin gələcək taleyi tərəflərin razılaşdırılmamış məsələlər üzrə ortaq mövqeyə gəlməsindən asılıdır. Nikol Paşinyanın sülh sazişindən sonrakı dövrlə bağlı açıqlamaları da bu baxımdan diqqət çəkir. Xüsusilə dövlət sərhədlərinin müəyyənləşdirilməsi, anklav və eksklavların statusu, regional nəqliyyat əlaqələrinin bərpası kimi məsələlər hələ də gündəmdə qalır. Ermənistanın ərazi mübadiləsi ilə bağlı irəli sürdüyü yanaşma isə iki ölkənin mövqelərinin hansı səviyyədə uzlaşacağı və mövcud fikir ayrılıqlarının necə həll ediləcəyi ilə bağlı suallar yaradır.

Siyasi şərhçi qeyd edib ki, sülh müqaviləsinin imzalanmasını çətinləşdirən əsas amillərdən biri Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi və siyasi iradəsini konkret addımlarla nümayiş etdirməməsidir.

"Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması məsələsini daha da uzatmağın ciddi bir əsası yoxdur. Bu istiqamətdə yaxın müddətdə də addımlar atmaq mümkündür. Hər bir halda sülhün gec də olsa əldə olunması müsbət hadisə olardı. Lakin Ermənistan siyasi iradə nümayiş etdirərsə, sülh müqaviləsinin daha qısa müddətdə imzalanması mümkündür.
Bununla yanaşı, sərhədlərin delimitasiyası, anklav və eksklav məsələlərinin həlli də qarşıda duran mühüm vəzifələrdəndir. Azərbaycan isə öz üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi, nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası, eləcə də ticarət yollarının açılması istiqamətində ciddi addımlar atır. Təəssüf ki, Ermənistan tərəfindən hələlik eyni səviyyədə konkret addımlar müşahidə edilmir. Bunun əvəzində əsasən bəyanatlar və gələcəyə yönəlmiş təkliflər səsləndirilir. Ermənistanın irəli sürdüyü ərazi mübadiləsi kimi təkliflər isə əlavə hüquqi və siyasi müzakirələrə yol açır. Ərazi məsələləri danışıqların predmetlərindən biri olsa da, bu cür təşəbbüslərin gündəmə gətirilməsi əsas problemin həllini kölgədə qoymamalıdır. Çünki regionda nəqliyyat yollarının açılması, ticarət əlaqələrinin bərpası və iqtisadi əməkdaşlığın genişləndirilməsi bütün region ölkələrinin maraqlarına xidmət edə bilər. Azərbaycan sülh və sabitlik təşəbbüsləri ilə bu istiqamətdə mühüm addımlar atır və regional əməkdaşlığın genişlənməsi üçün imkanlar yaradır. Təəssüf doğuran məqam isə Ermənistan daxilində bu istiqamətdə real addımların görünməməsidir. Ermənistan rəhbərliyi gələcək prioritetlərdən, uzunmüddətli planlardan və müxtəlif təşəbbüslərdən danışsa da, Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlı konkret tədbirlər barədə ictimaiyyətə aydın məlumat verilmir. Eyni zamanda, Ermənistan cəmiyyəti də bu məsələlər barədə məlumatlandırılmalı və hökumət öz mövqeyini ictimaiyyət qarşısında əsaslandırmalıdır. Əgər Ermənistan həqiqətən sülh müqaviləsinin imzalanmasında maraqlıdırsa, ilk növbədə, bu məqsədə mane olan problemlərin həlli üçün zəruri addımları atmalıdır. Yalnız bundan sonra gələcək əməkdaşlıq, regional inteqrasiya və digər uzunmüddətli perspektivlərlə bağlı təşəbbüslərin müzakirəsi daha məntiqli və səmərəli ola bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az