Yaponiyalı jurnalistin Rusiyada saxlanılması iki ölkə arasında gərginlik yaradıb

Yaponiyalı jurnalistin casusluq şübhəsi ilə saxlanılması Yaponiya ilə Rusiya arasında diplomatik gərginliyə səbəb olub. Yaponiyanın Baş naziri Sanae Takaiçi Rusiyada fəaliyyət göstərən jurnalistin saxlanılmasına etiraz edib və ölkəsinin Rusiyada casusluq fəaliyyəti ilə məşğul olması barədə ittihamları rədd edib.

“Jiji Press” agentliyinin məlumatına görə, Takaiçi jurnalistlərə açıqlamasında “Hokkaydo Şimbun” qəzetinin Rusiyadakı müxbiri İmai Yukinin oktyabrın 13-də saxlanılması ilə bağlı Yaponiyanın mövqeyini Rusiya tərəfinə çatdıracaqlarını bildirib.

Konsulluq görüşünün keçirilməsi üçün təşəbbüs

Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Minoru Kihara da keçirdiyi mətbuat konfransında hökumətin saxlanılan jurnalistlə hələ əlaqə yarada bilmədiyini açıqlayıb.

Kihara İmai Yukinin səhhətini dəqiqləşdirmək məqsədilə mümkün qədər tez konsulluq görüşünün keçirilməsi üçün çalışdıqlarını bildirib.

Rusiya jurnalisti casusluq şübhəsi ilə saxlamışdı

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) oktyabrın 13-də yaydığı açıqlamada “Hokkaydo Şimbun” qəzetinin müxbiri İmai Yukinin casusluq şübhəsi ilə saxlanıldığını bəyan etmişdi.

Mövsüm,

AzNews.az