“Biz böyük bir insan itirmişik” - Xoşbəxt Yusifzadə

Azərbaycan Dövlət Neft Şirkətinin 1-ci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə mərhum nazir Natiq Əliyevlə keçirilən vida mərasimində çıxış edib.

AzNews.az “qafqazinfo” ya istinadən xəbər verir ki, X. Yusifzadə çıxışında nazirlə tanış olduqları ilk zamanları xatırlayıb: “Natiq tələbə olanda mənim yanıma gəlib dedi ki, bizdə işləmək istəyir. Sonra Geologiya institutunda müdafiə etdi, Qaz-Sənaye İnstitutunda bizimlə işlədi. Onu şöbə rəisi təyin etdim.

1993- cü ildə Heydər Əliyev hakimiyyətə gələndə neft sahəsində vəziyyət yaxşı deyildi. Bu zaman Heydər Əliyev lazım bildi ki, Natiq Əliyev bizim şirkətin prezidenti olsun. Onun dövründə böyük işlər görüldü. Gərgin işlər görüldü, hətta Natiq müəllim onda xəstəxanaya düşdü. Onun rəhbərlik etdiyi dövrdə 33 müqaviləyə imza atıldı.

Natiq Əliyev ömrünün sonuna kimi işdə oldu. Çox sadə adam idi. Operator vəzifəsindən nazir vəzifəsinə kimi yüksəldi, vəzifəsi çox dəyişdi, amma özü, sadəliyi dəyişmədi. Biz böyük bir insan itirmişik”.