“Bu şəxs daima Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib” - Millət vəkili

ABŞ Helsinki Komissiyasının oktyabrın 18-də Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu, bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda dinləmələr keçirməyi planlaşdırması hər şeydən öncə bu dinləməyə niyə məhz indi ehtiyacın yarandığı sualını ortaya çıxarır.

Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, ancaq ən azı bu sual qədər dinləmələrin kimin təşəbbüsü ilə kecirilməsi məsələsi də maraqlıdır: “Məsələ ondadır ki, ABŞ Konqresində belə dinləmələrin keçirilməsinin təşəbbüskarı ABŞ-ın Helsinki Komissiyasının sədri konqresmen Kristofer Smitdir. Bu şəxs daima Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib. Əslində K.Smit erməni lobbisinin ən fəal üzvlərindən biri olmaqla, hələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yeni başlayan zaman ABŞ-ın Azərbaycana dövlət yardımının qarşısını alan Azadlığı Müdafiə Aktına 907-ci düzəlişin qəbul olunmasına nail olan konqresmendir. Onun bu yaxınlarda ABŞ erməni milli komitəsinin rəhbəri Aram Hamparyamla görüşməsi və görünür, elə erməni lobbisindən aldığı sifarişlə də bu məsələni siyasi gündəmə gətirməsi dinləmələrin bir daha Azərbaycana qarşı şər-böhtan və qaralama kampaniyasına çevriləcəyindən xəbər verir”.

Deputat qeyd edib ki, Komissiyanın məlumatında 2016-cı il aprel döyüşlərinin nəticələrinə istinad edilməsi ona işarə edir ki, nə Ermənistan və erməni lobbisi, nə də islamafob mərkəzlər aprel döyüşlərində Azərbaycan ordusunun əldə etdiyi hərbi-strateji və mənəvi üstünlüyü qəbul edə bilmir:

“Bu bir daha sübut edir ki, aprel döyüşləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində yeni hərbi-siyasi reallıqlar yaradıb və Azərbaycanın danışıqlarda mövqeyini kifayət qədər gücləndirib. Nəzərə almaq lazımdır ki, son dövrlərdə müsəlman şərqində baş verən mürəkkəb hərbi-siyasi kataklizmlər zamanı regional aktorlar kimi Türkiyə və İranın atdığı müstəqil addımlar onların mövqelərini xeyli dərəcədə gücləndirmiş oldu. Əgər bu prosesdə Rusiyanın da region ölkələrlə birgə hərəkət etdiyinə diqqət yetirsək görəcəyik ki, əslində xarici faktorlara qarşı yeni regional güc mərkəzi formalaşır. Bu geosiyasi faktorla manipuliyasiya edən ABŞ-ın Helsinki Komissiyası indidən mümkün yerli hərbi-siyasi ssenarilərə qısqanclıqla yanaşdığını nümayiş etdirir. Əgər belə olmasaydı, Helsinki Komissiyası bu günə qədər Helsinki Yekun Aktının dövlətlərin ərazi bütövlyünün qorunması prinsipini yada salar, işğalçı Ermənistanın Azərbaycana qarşı bu mühüm prinsipi pozduğunu dilə gətirər və onu ittiham edərdi”.

H.Babaoğlunun fikrincə, K.Smitin təşkil etdiyi dinləmələr erməni lobbisinə növbəti xidmətdən başqa bir şey deyil: "Aprel döyüşlərinin statistikasını hesablayanlar unutmasınlar ki, işğalçı Ermənistan Azərbaycan torpaqlarından çıxmasa, belə döyüşlər tez-tez təkrarlana bilər".

Qeyd edək ki, Helsinki Komissiyasına ABŞ-da erməni lobbisi ilə sıx münasibətdə olan Kris Smit rəhbərlik edir. K.Smit həmçinin, daha əvvəl ABŞ Konqresinin Helsinki Komissiyasına təqdim etdiyi antiazərbaycan qanunu layihəsinin təşəbbüskarı olub.

AzNews.az