"Ermənistanın danışıqlara qayıtması Azərbaycanın hərbi-diplomatik üstünlüyünü göstərdi" - Deputat

Ermənistan danışıqlar masasına qayıtmağa məcbur idi və bu baş verdi.

Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 16-da Cenevrədə baş tutan görüşünü AzNews.az-a şərh edən millət vəkili Elman Nəsirli bildirib ki , Aprel döyüşlərindən sonra bu prezidentlər səviyyəsində təşkil olunan sayca üçüncü görüşdür.

"Təxminən il yarım idi ki, prezidentlər səviyyəsində görüş baş tutmurdu. Əsas səbəb də ondan ibarət idi ki, Serj Sarkisyan belə bir mövqe ortaya qoymuşdu ki, Ermənistan danışıqlara bir halda gedəcək ki, Ermənistanın şərtləri Azərbaycan tərəfindən qəbul edilsin. Onlar təmas xəttində insidentlərin araşdırılması üzrə vahid bir mexanizmin təsdiqini, həmsədrlərin ünvanlı bəyanatlar verməsini, Azərbaycanın atəşkəs rejimini pozmamaq barədə öhdəlik götürməsini tələb edirdilər.Təbii ki, bunlar hamısı absurd və ağılsız bir şərtlər idi. Azərbaycan prezidenti İlham Əliyev də dəfələrlə bəyan etdi ki, bunlar mümkün olmayan məsələlərdir. Heç bir şərt qəbul edilmir. Ermənistan danışıqlar masası arxasında əyləşməyə məcburdur və bu günlərdə həmin proses baş verdi." - deyə milət vəkili qeyd edib.

Millət vəkilinin fikrincə Ermənistanın danışıqlar prosesinə qayıtması Serj Sarkisyana göstərilən beynəlxalq təzyiqlər nəticəsində baş verib. Əks halda Ermənistan bundan boyun qaçırardı:

"Bu həm də onu ifadə edir ki, Azərbaycanın münaqişə ilə bağlı danışıqlar prosesində diplomatik və hərbi üstünlükləri var və bu da danışıqlar prosesinə təsirsiz qalmır. Ermənistan prezidentinin indiki mərhələdə danışıqlara heç bir ilkin şərt irəli sürmədən getməsi həm də onu göstərdi ki, Azərbaycanın mövqeyi möhkəmlənir. Azərbaycanın Aprel döyüşlərindən sonra əldə etdiyi hərbi üstünlük və təbii ki, məntiqi olaraq diplomatik üstünlüyü, indiki danışıqların baş tutmasını şərtləndirən əsas amillərdəndir. Sarkisyanın danışıqlara ilkin şərt irəli sürmədən getməsini erməni mətbuatı da onun məğlubiyyəti kimi qəbul edir. "

Elman Nəsirli bildirir ki, bu görüşdən sonra Ermənistan prezidenti S.Sarkisyanın erməni diasporalarının nümayəndələri ilə görüşündə bir ifadə diqqət çəkir. O qeyd edib ki: "Heç bir halda Dağlıq Qarabağ Azərbaycanın hüdudlarında qala bilməz". Bu ona dəlalət edir ki, Ermənistan prezidentinin mövqeyində ciddi bir dəyişiklik yoxdur.

"Lakin cümlələrin ardıcıllığına fikir verək. Məsələn, o, deyə bilərdi Dağlıq Qarabağ Azərbaycan ərazisi deyil və ya Dağlıq Qarabağ müstəqil dövlət olacaq və s. Sarkisyan əvvəllər çox işlətdiyi bu ifadələrdən bu dəfə istifadə etmədi. Yəni bu kimi yumşaq şəkildə əvvəlki mövqeyini saxlamaq istəyir. Amma bu məsələ ilə bağlı Azərbaycanın dəyişməz mövqeyi var. Həmin məsələlər barədə prezident İlham Əliyev ən yüksək kürsülərdən bəyan edib və bildirib ki, ərazi bütövlüyü məsələsi danışıqların müzakirə predmeti olmayıb, heç zaman da olmayacaq. Dağlıq Qarabağ Azərbaycanın tarixi, əzəli və hüquqi ərazisidir və beynəlxalq birliklər də bu faktı məhz belə tanıyıb. Bu mövqe dəyişməz mövqedir, ona görə də hesab edirəm ki, Ermənistan prezidenti görüş barədə bir qədər yumşaq fikirlər söyləsə belə, əslində mahiyyət dəyişməyib və o, Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi görmək istəmir" - deyə millət vəkili açıqlamasında qeyd edib.

Qeyd edək ki, oktyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan Cenevrədə İsveçrə zirvə görüşü keçiriblər.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin və ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşlə bağlı birgə bəyanatında qeyd olunur ki, görüş konstruktiv mühitdə keçib:

"Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar. Həmsədrlər çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə ediblər. Onlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazır olmaqda qalırlar. Növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər".