“Bu onu göstərir ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi artıq əsas prinsip kimi götürülür”

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyanın Cenevrədə İsveçrə zirvə görüşü Azərbaycanın diplomatik uğurudur.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə bildirib ki, Ermənistan Azərbaycanla Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların keçirilməsi üçün mümkün olmayan şərtlər irəli sürürdü, ancaq sonra özü bu şərtlərdən imtina edərək danışıqlara getdi:

“Ümumən götürdükdə Azərbaycanın mövqeyi qəbul edilir. Digər tərəfdən isə Azərbaycan dəfələrlə danışıqlara ortada konkret bir təklif olarsa, həmçinin Ermənistan tərəfdən konstruktiv mövqe olarsa, gedəcəyini bildirmişdi. İndi prezidentlərin danışıqları davam etdirmək və gərginliyi azaltmaq üçün addımlar atmaq barədə razılığa gəlməsi göstərir ki, danışıqlarda Azərbaycanın ərazi bütövlüyü məsələsi artıq əsas prinsip kimi götürülür və Ermənistan bu gün işğal kursunun davam etdirilməsinin ilk növbədə onun maraqlarına böyük zərbə olduğunun fərqinə varır”.

Deputat qeyd edib ki, nə qədər Ermənistan qoşunları Azərbaycan ərazisindədir, Ermənistan öz dövlətçiliyinin zəifləməsinin və problemlərinin çoxalmasının şahidi olacaq:

“Hər halda Ermənistan dəfələrlə danışıqlardan sonra əldə edilmiş razılıqları pozmağa üstünlük verib və yaxın gələcək göstərəcək ki, Ermənistan konstruktivliyə nə dərəcədə hazırdır”.

Qeyd edək ki, oktyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan Cenevrədə İsveçrə zirvə görüşü keçiriblər.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin və ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşlə bağlı birgə bəyanatında qeyd olunur ki, görüş konstruktiv mühitdə keçib:

"Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar. Həmsədrlər çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə ediblər. Onlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazır olmaqda qalırlar. Növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər".

AzNews.az