BTQ və Şimal-Cənub dəmir yoluna görə Ermənistanın blokadası daha da güclənəcək - keçmiş nazir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rəsmi şəkildə bəyan edib ki, Ermənistan Bakı-Tbilisi-Qars (BTQ) layihəsinə yalnız işğala son verməklə qoşula bilər.

AzNews.az Azvision.az-a istinadən xəbər verir ki, nazir çıxışında deyib: “Bu məsələ ilə bağlı şərtimiz eynidir və dəyişməz olaraq qalır. Ermənistanın layihəyə qoşulması üçün Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır. Azərbaycanın işğal altında olan torpaqları azad edilməli, qoşunlar geri çəkilməlidir. Azərbaycan heç kimin torpaqlarını işğal etməyib və bu məsələdə Azərbaycanın mövqeyi açıqdır”.

Nazir açıq şəkildə bəyan edir ki, Ermənistan BTQ-yə qoşula bilər, bunun üçün ilk növbədə işğal altında olan torpaqları azad etməlidir. Azərbaycanın şərti bundan ibarətdir.



Məsələyə münasibət bildirən Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov XİN rəhbərinin fikirlərini dəstəkləyib. O, hesab edir ki, Ermənistan yalnız işğala son qoymaqla Azərbaycanın təşəbbüskarı olduğu layihələrə qoşula bilər:

“Bakı-Tbilisi-Qars və Şimal-Cənub dəmir yolu çox böyük layihədir. Vacib amildir ki, Azərbaycan bu layihələrdə həm iqtisadi, həm siyasi təşəbbüs göstərir, real sərmayələr qoyur. Təbii ki, bu sərmayələr gec, ya tez Azərbaycana böyük xeyir gətirəcək. Çünki, tranzit ölkələr bundan öz iqtisadiyyatları üçün istifadə edib, mənfəətlər götürürlər. Ermənistanın iqtisadi blokadaya alınması isə Azərbaycanın ardıcıl şəkildə həyata keçirdiyi siyasətidir. Bu layihə ilə Ermənistanın blokadası daha da güclənəcək”.