Məmmədyarov Toivo Klaar ilə görüşdü

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb

AzNews.az xəbər verir ki, Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in 24-cü Nazirlər Şurası çərçivəsində Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb.

Görüşdə Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin hazırkı durumu ətrafında müzakirələr aparılıb və ikitərəfli əlaqələrin inkişaf etdirilməsində hazırda danışıqlar aparılan strateji tərəfdaşlıq sazişinin əhəmiyyəti qeyd olunub.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri ilə Vyanada keçirilmiş son görüş barəsində Toivo Klaarı məlumatlandıran Elmar Məmmədyarov münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Helsinki Yekun Aktına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu bildirib. O, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi və ərazi əldə edilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıb.

Nazir Elmar Məmmədyarov münaqişənin həlli prosesində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoqun inkişaf etdirilməsinin vacibliyinə diqqəti çəkdi və Azərbaycanın bu qəbildən olan təmasları dəstəklədiyini nəzərə çatdırıb.