- Köhnə - Siyasət
- 27 Yanvar 2018 12:14
- 3 439
Xarici işlər və müdafiə nazirlərinin “2+2” formatında görüşü keçirilib
Yaponiya və Fransanın xarici işlər və müdafiə nazirləri Şimali Koreyaya qarşı sanksiyaların səmərəliliyini artırmaq üçün əməkdaşlığın daha da genişləndirilməsi barədə razılığa gəliblər.
Yaponiya Xarici İşlər Nazirliyindən "Azərtac"-ın Yaponiya bürosuna verilən məlumata görə, yanvarın 26-da Tokioda Yaponiyanın xarici işlər və müdafiə nazirləri Taro Kono və İtsunori Onoderanın fransalı həmkarları Jan-İv Lö Drian və Florans Parli ilə “2+2” formatında görüşü keçirilib.
Görüşdə dəniz qanunvericiliyi əsasında formalaşan qaydaların əhəmiyyətini vurğulayan nazirlər Hind-Sakit okeanı regionunda əməkdaşlıq barədə razılıq əldə ediblər.
Nazirlər təsdiq ediblər ki, onların təmsil etdiyi ölkələr Şimali Koreyanın nüvə silahına malik olmasını heç zaman qəbul etməyəcəklər. Əldə edilən razılaşmaya əsasən, Şimali Koreyanın ona qarşı tətbiq edilən sanksiyalardan yayına bilməsinin qarşısını almaq üçün dənizdə bir gəmidən digər gəmiyə yüklərin qeyri-qanuni ötürülməsinin qarşısı birgə tədbirlər yolu ilə alınacaq.
AzNews.az