Zəminə Dünyamalıyeva ziyalıları nədə ittiham etdi? - AÇIQLAMA

“Demirik ki, müxtəlif qurumlar Rəsul Quliyevin Azərbaycana lider kimi qayıtmasına imza atsınlar...”



Açıq Cəmiyyət Partiyasının (ACP) funksioneri Zəminə Dünyamalıyeva AzNews.az-a açıqlamasında eks-spiker Rəsul Quliyevin ölkəyə qayıtması ilə bağlı müxalifətdə təmsil olunanların münasibətindən narazılıq edib. O qeyd edib ki, iqtidar hakimiyyətdə olanların, hakim partiya təmsilçilərinin hüquqlarını bir, müxalifətdə olanlarınkını isə tamamilə başqa cür görür:

"Təəssüflər olsun ki, bir çox məsələlərdə hakimiyyəti günahlandırdığımız halda özümüz də haqqın, hüququn pozulması hallarına biganə qalırıq. Hər bir kəsin haqqı, hüququ Konstitusiya ilə tənzimlənir. Ziyalılar Forumunun üzvü Eldar Namazovla görüşümüzdə Rəsul Quliyevin ölkəyə qayıtması işində əsas yardımçılar olaraq ziyalılarımızı, Ziyalılar Forumunda bir araya gələnləri gördüyümüzü bildirdik. Demirik ki, müxtəlif qurumlar Rəsul Quliyevin Azərbaycana lider kimi qayıtmasına, namizədliyinə imza atsınlar. Biz deyirik ki, bu adam uzun illərdir haqsız olaraq mühacir həyatı yaşayır. Onun da ölkəyə qayıtmaq, bu ölkənin vətəndaşı olaraq vətənində yaşamaq hüququ var və onun ölkəyə dönməsi məsələsində öz mövqelərini ortaya qoysunlar".

Sabiq spikerin ölkəyə qayıtması üçün ziyalıların imza verməkdən çəkindiklərinə diqqət yönəldən Z.Dünyamalıyeva bildirib ki, bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbərin üzləşdiyi problemlərin kökündə də onlarların özləri dayanır və bir-birlərini müdafiə etmədiklərinə görə, hakimiyyət də onlara problem yaratmaqda çətinlik çəkmir: "Əgər bir-birini müdafiə məsələsi ziyalılar üçün bu qədər çətindirsə, o zaman sadə vətəndaşdan heç nə gözləməyə dəyməz. Müsavat Partiyasının başqanı İsa Qəmbər də Azərbaycanda yaşadığı halda Bakıdan kənara çıxa bilmir. O, Lənkərana getmək üçün iki dəfə cəhd göstərdi, amma ona səfəri reallaşdırmaq imkanı yaradılmadı. Bir vətəndaş, siyasi partiya sədri olaraq buna onun hüququ çatır, amma onun da bu məsələdə hüquqları pozuldu. Buna görə hökumətə etiraz etmək lazımdır. Biz bir-birimizə ögey münasibət göstərə-göstərə gəlib bu vəziyyətə düşmüşük".

Gültəkin
AzNews.az