Gürcüstana deyiləsi daha hansı sözümüz qalıb?

Əvvəlcə müdafiə nazirinin, daha sonra isə baş nazirin Bakıya səfəri yenidən Gürcüstan-Azərbaycan əlaqələrini gündəmə gətirdi.

Əslində bu iki ölkənin biri-biri üçün önəmi, xüsusən də Gürcüstanın müstəqilliyinin və suverenliyinin möhkəmlənməsində Azərbaycanın rolu, eləcə də iki ölkə arasındakı əlaqələrin indiki durumu o qədər yüksək səviyyədədir ki, bunları xüsusi çək-çevir etməyə ilk baxışda heç bir lüzum yoxdur.

Amma münasibətlərdə arabir sual doğuran məqamlar da olur ki, bunu da təbii qəbul etmək lazımdır. Bir ara Azərbaycanla Gürcüstan eyni geosiyasi müstəvini bölüşürdü və GUAM çərçivəsində intensiv əməkdaşlıq edirdi. Sonuncu format indiyədək qalsa da, iki əsas səbəbdən Azərbaycanın həmin qurumda fəaliyyəti son vaxtlar azacıq səngiyib.

Birinci səbəb budur ki, üç GUAM ölkəsi – Ukrayna, Gürcüstan və Moldova Avropa ilə daha dərin inteqrasiya yolunu tutaraq Assosiasiya sazişini imzaladılar və NATO-ya üzv olmaq üçün sistemli şəkildə iş aparırlar.
Düzdür, onların avrointeqrasiya cəhdlərilə Avropa ölkələrinin buna reaksiyası arasında bir az təzad var; ABŞ hər üç ölkənin daha ciddi və daha sürətlə Avropa strukturlarına inteqrasiyasının tərəfdarı olsa da, AB ölkələri və digər NATO üzvləri hələ “GUAM üçlüyü”nü sevindirməyə tələsmirlər.

Yalnız bu günlərdə NATO Ukraynaya “aspirant ölkə” statusu verdi və rəsmi Kiyev belə bir xəbər yaydı ki, böyük ehtimalla NATO ilə Ukrayna arasında Üzvlüklə bağlı Fəaliyyət Planını yaxın vaxtlarda imzalamaq mümkün olacaq. Amma Rusiya təhlilçiləri buna açıq-aşkar lağ edir və belə deyirlər ki, əslində NATO-da belə status rəsmən yoxdur. Təxminən eyni vəziyyət Gürcüstana münasibətdə də hökm sürür. Amma bütün bunlara baxmayaraq, hər üç ölkə Avropaya inteqrasiya olunmaq yolunda israrlı görünür.

Azərbaycan isə bir qədər fərqli istiqamət tutdu və Gürcüstanla da əməkdaşlığını daha çox özünün formalaşdırdığı iki regional geosiyasi üçbucaqdan biri, Bakı-Tiflis-Ankara üçbucağı və bir də çox intensiv ikitərəfli münasibətlər çərçivəsində qurmağa üstünlük verdi. Hazırda bu iki ölkənin həyata keçirdiyi böyük regional layihələrin siyahısı o qədər geniş və əhatəlidir ki, əslində bundan intensiv və ya faydalı əməkdaşlıq formatını təsəvvür etmək mümkün deyil.

Amma Azərbaycanın GUAM-a qarşı soyumasının başqa bir səbəbi də var. Çox təəssüf, GUAM üçlüyü Ukrayna, Abxaziya və Cənubi Osetiya məsələsində göstərdiyi birmənalı münasibəti və prinsipiallığı Qarabağa münasibətdə göstərmir; qəbul etdikləri birgə sənədlərdə Rusiyanın adını çəkdiyimiz münaqişələrdəki rolunu ən kəskin ifadələrlə tənqid edən Ukrayna, Moldova və Gürcüstan, bunu Ermənistana qarşı da səsləndirməkdən daim yayınırlar ki, sözsüz, bu da Azərbaycanda onların nə dərəcədə səmimi müttəfiq olmaları ilə bağlı əsaslı şübhələr doğurur...

Azərbaycan-Gürcüstan ikitərəfli münasibətlərində bir az narazılıq və sual yaradan məqam da budur. Son vaxtlar Gürcüstanla Ermənistanın əməkdaşlığı, daha doğrusu, siyasi əlaqələri intensiv xarakter alıb. Elə baş nazir Giorgi Kvirikaşvili də Bakıya səfərindən öncə böyük nümayəndə heyətilə İrəvana getmiş və orada hətta “genosid qurbanları” abidəsini də ziyarət etmişdi.

Təbii ki, sonuncunu adi diplomatik protokol qaydası kimi də qəbul etmək olardı: axı Gürcüstanın baş naziri neyləsin ki, İrəvan “genosid abidəsi”nin ziyarətini az qala, vacib diplomatik protokol elementi kimi qəbul edib və bu üzdən Ermənsitana səfər edən bütün dövlət və hökumət başçıları onu “ziyarət etmək” məcburiyyətində qalırlar!..

Amma məsələ tək bunda da deyil. Gürcüstanla Ermənistan arasında digər istiqamətlərdə də yaxınlaşma meyli duyulur. Xüsusən də İrəvan buna çox cəhd edir və Tiflisin köməyilə özü üçün ikinci dəhliz açmağa çalışır. Bizi də narahat edən budur, çünki Ermənistanı coğrafi-iqtisadi cəhətdən təcrid etmək Bakının bu ölkəyə qarşı apardığı kompleks siyasi tədbirlərin mühüm hissəsidir və Azərbaycanın müttəfiqi kimi Gürcüstan da bunu nəzərə almalıdır. Hazırda Ermənistanın dünyaya iki çıxışı var – bunlar İran və Gürcüstandır. Hər iki ölkə daha prinsipial və daha səmimi siyasət yürütsə, Bakının siyasətinə dəstək versə, çox tez bir zamanda Ermənistan çökər.

Biz Gürcüstanın da narahatlığının bir səbəbini başa düşürük. İrəvan daim Cavaxetiyanı qarışdırmaqla məşğuldur. İnanın, əgər bu gün Kreml göstəriş versə ki, ermənilər bu bölgədə də “qalxmalıdır”, Ermənistan heç düşünmədən buna gedəcək. Kreml isə hər an belə “komanda” verə bilər, o səbəbdən ki, onun Cənubi Qafqazda başını ən çox ağrıdan ölkələrdən biri və Kremlin az qala, xortdan kimi ehtiyat etdiyi Avropa strukturlarını bölgəyə israrla dəvət edən Gürcüstandır. Ona görə də Tiflislə bağlı Kreml bərk qəzəblidir. Hətta B.İvanişvilinin əlilə M.Saakaşvilini Gürcüstandakı siyasi mühitdən uzaqlaşdırandan sonra belə, qəzəbi soyumayıbdır.

Amma yenə də ümidliyik ki, Ermənistanın özünə Gürcüstandan ikinci dəhliz açmaq sevdası baş tutmayacaq. Çünki bu, Tiflisin də maraqlarına cavab vermir. Belə ki, Kreml Abxaziya və Cənubi Osetiya ilə sərhəddə “gömrük postları”nın qurulmasını tələb edir. Həm də aydın olanı budur ki, Gürcüstanın da tərəqqisi Ankara və Bakı ilə ittifaqdadır; Dağlıq Qarabağ problemi tez müddətdə həll olunarsa, bunun Abxaziya və Cənubi Osetiya münaqişələrinə də təsiri olacaqdır.

Dağlıq Qarabağ probleminin daha tez həll olunması və Azərbaycanın ərazi bütövlüyünün tez bir zamanda bərpa edilməsi ehtimalı isə olduqca böyükdür; yetər ki, bu məsələdə Tiflis və İran daha səmimi olsunlar və Azərbaycana daha ciddi dəstək versinlər. Düşünürük ki, elə belə də olacaq, çünki Azərbaycan daha etibarlı və səmimi qonşu olduğunu dəfələrlə sübut edibdir...

Hüseynbala Səlimov
AzNews.az