Ermənistan bir əski parçasıdır, Rusiya daha güclü Azərbaycanı seçdi - Erməni politoloq

Müstəqil ekspert Arbak Xaçatryan ilk erməni informasiya agentliyi ilə söhbətində bildirib ki, Rusiyada hakimiyyət dəyişikliyi olsa belə, bu, Ermənistanın əsir durumunu dəyişdirə bilməz.

"Əgər sən bir əski parçasısansa, Avropa, ABŞ və başqa kiminsə əlində olmağın nə mənası var? Sivil ölkələr sizinlə güclü ölkələrə nisbətən daha sərt danışırlar", deyə erməni politoloq bildirib.

Onun fikrincə, Rusiya təsadüfən Azərbaycanı silahlandırmağa başlamayıb: "Güclü mövqeyə sahib olan Rusiya regionda özünə güclü tərəfdaş tapdı və onunla işə başladı. Bu, heç də təsadüf deyil ..., məqsəd pul qoparmaqdır. Medvedev 7-8 il əvvəl silah satışı ilə bağlı müqavilə imzalayıb. Mən o zaman bunun təhlükə olduğu bildirmişdim. Levon Ter-Petrosyan zamanında da Ermənistanla bağlı öz məqsədlərini həyata keçirməyə çalışıblar".

Xaçatryan erməni millətinin kölə olduğunu, pulun əsirinə çevrildiyini, biznesmenlərin yalnız öz maraqlarını güddüyünü və "cəmiyyət" anlayışının artıq öz əhəmiyyətini itirdiyini bildirib.

Erməni politoloq qeyd edib ki, Ermənistanda verilən qərarlar əsasən şəxsi qərarlardır və bu da ölkənin iqtisadiyyatının inkişafına ciddi əngəl törədir. 18 ildir ki, Ermənistanda bu cür siyasət həyata keçirilib. Politoloq bildirib ki, o, bu siyasətə qarşıdır. Çünki onun evi, torpağı Ermənistandadır. İndi insanlar mövqeyini dəyişib, ABŞ, İngiltərə və ya Avropaya üz tutsalar da, bunun əhəmiyyəti yoxdur. Çünki, sistem korrupsiyalaşıb və soyğunçuluqla məşğuldur.

Erməni politoloq sonda qeyd edib ki, bugünkü soyğunçular üçün ən əhəmiyyətli şey öz mülklərini qorumaqdır. Onların həyat tərzləri ilə televizorda sərgilədikləri performans üst-üstə düşmür.

Mənbə: novosti.az