“ATƏT-in Bakı ofisinin bağlanacağına inanmıram”

"ATƏT-in Bakı ofisinin fəaliyyətini dayandıracağını təsəvvür etmirəm. Azərbaycan ATƏT-in üzvüdür və ATƏT-in siyasətini müəyyənləşdirən 50-dən çox ölkələrdən biridir. Azərbaycan ATƏT-lə əməkdaşlığa həmişə yüksək qiymət verib"

Bunu AzNews.az-a hakim YAP-ın Siyasi Şurasını üzvü, deputat Aydın Mirzəzadə ATƏT-in Bakı ofisinin fəaliyyətini dayandıracağı barədə səsləndirilən fikirləri şərh edərkən deyib. O qeyd edib ki, rəsmi Bakı ATƏT-in Azərbaycanla bağlı layihələrinin hazırlanmasında və həyata keçirilməsində yardımçı olub. Həmçinin Azərbaycan hökuməti, ictimaiyyəti ilə ATƏT-in Bakı ofisi arasında da əlaqələr daim sıx olub. Bu mənada qurumun Bakı nümayəndəliyinin fəaliyyətinin dayandırılması barədə səsləndirilən fikirlərin heç bir əsası yoxdur:

Bugünlərdə ATƏT-in Bakı nümayəndəliyinin Novxanıda müxalifətçi gənclərlə keçirilən görüşdə üzləşdiyi olaya gəlincə, deputat deyib ki, bununla bağlı qarışıq məlumatlar yayılıb və oxucular da ciddi məlumat əldə edə bilməyib: "Müxtəlif mənbələrdə bu hadisə müxtəlif cür yozulur. ATƏT-in Bakı ofisi də bununla bağlı bəyanat yaymadı. Prinsipcə ortada yalnız mətbuat versiyaları olduğuna görə, konkret fikir səsləndirmək də mümkün olmur".

ATƏT-in Bakı ofisi ilə yanaşı, digər beynəlxalq qurumların təmsilçiliyinin də Azərbaycan hökuməti tərəfindən seçkiqabağı xəbərdarlıq edilməsinə toxunan A.Mirzəzadəyə görə, onların da hansısa əsası yoxdur: "Azərbaycanda fəaliyyət göstərən bütün beynəlxalq qurumların nümayəndəliklərinə hər cür şərait yaradılıb. Onların müxalif mövqeli insanlarla görüşünə də hüç bir zaman problem yaradılmayıb".

Gültəkin
AzNews.az