Pakistanlı qonaqlar Azərbaycan həqiqətləri barədə məlumatlandırıldı

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Pakistan İslam Respublikasının Milli İdarəetmə Kollecinin yüksək səviyyəli ixtisasartırma kursunun iştirakçıları ilə görüşüb.

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, kurs iştirakçıları Pakistanın xarici işlər, gömrük, polis, yerli idarəetmə və digər dövlət qurumlarını təmsil edirlər. Kursun məqsədi Azərbaycanın idarəçilik modeli, sosial-iqtisadi inkişafı, ölkənin inkişafında dövlət və özəl sektorun iştirakı prosesi ilə tanış olmaqdır.

Hikmət Hacıyev qonaqlara bu il yüzilliyi qeyd olunan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və bolşevik işğalı ilə süqutu, SSRİ-nin dağılmasından sonra ölkəmizin müstəqilliyini yenidən bərpa etməsi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazilərimizi işğal etməsi, xalqın israrlı təkidi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı və Azərbaycanın yeni dövlət idarəçilik mərhələsinə qədəm qoyması, Azərbaycan-Pakistan əlaqələri barədə danışıb. Azərbaycanın bugünkü inkişafında effektiv və şəffaf idarəçiliyin mühüm rol oynadığını qeyd edən XİN rəsmisi ölkəmizin enerji və nəqliyyat strategiyası, qeyri-neft sektorunun inkişafı, gənclər və idman siyasəti, “ASAN” idarəçilik konsepsiyası barədə qonaqlara məlumat verib.

O, kurs iştirakçılarının ölkəmizin beynəlxalq münasibətlərdə rolu, qonşu dövlətlərlə ikitərəfli əlaqələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər maraq doğuran məsələlər barədə çoxsaylı suallarını cavablandırıb.