Azərbaycan - Gürcüstan əlaqələrinin inkişaf perspektivləri müzakirə olundu - Foto

Azərbaycanın Batumidəki baş konsulu Pərviz İsmayılzadə Acarıstan Muxtar Respublikası Hökumətinin rəhbəri Zurab Pataradze ilə görüşüb.

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan, eləcə də hər iki ölkənin bölgələri arasında əlaqələrin inkişaf perspektivləri, Bakı ilə Batumi və Naxçıvan ilə Batumi arasında birbaşa aviareyslərin açılması, elm, təhsil, turizm, kənd təsərrüfatı sahələrində əlaqələrin genişləndirilməsi, logistik mərkəzlərin yaradılması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Baş konsul Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın Naxçıvan və Acarıstan muxtar respublikaları arasındakı münasibətlərin də bütün sahələrdə inkişafı üçün geniş imkanlar yaratdığını bildirib.

Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Zurab Pataradze Azərbaycan ilə Gürcüstan arasındakı dostluq və qardaşlıq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluğunu ifadə edib. Bildirib ki, əlaqələrimizin inkişafı hər iki tərəf üçün faydalıdır. Bu gün bölgədə həyata keçirilən irimiqyaslı regional neft-qaz, nəqliyyat layihələri xalqlarımızın rifah halının yaxşılaşmasına xidmət edir. Bu layihələr enerji və regional təhlükəsizliyin təmin olunmasında da mühüm rol oynayır.