Trampın sükutu necə pozulacaq?

Əski siyasi doktrinlərin birinin tezislərilə assosiasiya yaratsa da, deməliyik ki, yerləşdiyimiz regionda sanki bir kabus dolanmaqdadır. Elə bil ən yaxın çevrəmizdə baş verən proseslər azlıq edir, hər növbəti gün də daha yeni olayları müjdələməkdə israrlıdır...

Ermənistanda proseslər hələ tam yekunlaşmayıb. Üstəlik, hamıya aydındır ki, hətta etirazların ən əsas tələbi uğurla başa çatsa da bu axmaq ölkədə tamam-kamal sabitliyin bərqərar olması üçün mütləq yeni seçkilər keçirilməlidir. Çünki əsl sabit hökumət yalnız legitim parlament çoxluğu zəminində formalaşa bilər.

Həftənin əvvəlində, artıq mayın 8-də Ermənistan olayları ilə bağlı nəhayət ki, müəyyənlik və konkretlik yaranmalıdır. Amma həftə həm də tamam başqa olayla da əlamətdar olmağı vəd edir: belə ki, mayın 12-də və ya bundan bir neçə gün sonra Trampın İranla bağlı qərarı açıqlanacaq. Hazırda bu müstəvidə də çox ciddi, hətta təlaş və narahatlıq doğura biləcək siyasi proseslər baş veməkdədir.

Əslinə qalsa, İraqda, xüsusən də Suriyada bir neçə ildir baş verən proseslər ABŞ-ın İranla bağlı uzaq hədəfli planları üçün bir xəbərdarlıq və ya görk olmalı idi.

Rusların bir ifadəsi var: “krepkiy oreşek”. Bəli, İran məsələsi adi, sıradan bir məsələ deyil. Birincisi, bununla bağlı ciddi diplomatik və siyasi ziddiyyətlər var – müttəfiq Avropa ölkələrinin mövqeyi burada ABŞ-ın mövqeyindən xeyli dərəcədə fərqlənir. İkincisi, İran o qədər asan hədəf də deyil və burada yalnız çox böyük hərbi əməliyyatlar hesabına nələrəsə nail olmaq olar. Amma ABŞ bu müharibəyə başlamağa hazıırdırmı?
Ötən əsrin ikinci yarısından başlayaraq ABŞ-ın başlatdığı bütün xarici intervensiyalar demək olar, uğursuzluqla bitib və hətta ABŞ-ın daxilində ciddi siyasi təlatümlərə gətirib çıxarıbdır.

Üstəlik, Suriya məsələsi də göz önündədir: neçə il keçibdir, fəqət, ortada ciddi bir nəticə yoxdur.

Amma burada çox maraqlı bir sual yaranır: ABŞ-a nəticə lazımdırmı? Bəlkə “idarə olunan xaoslar” və yaxud da ki, Yaxın Şərqdə mövcud olan siyasi rejimlərin yerində “uzunmüddətli cəhənnəmlə”rin yaranması onun maraqlarına daha çox cavab verir?

Bilirsiniz, Yaxın Şərqin geopolitikasında başqa yerlərdə təsadüf olunmayan mistik, hətta esxatoloji çalarlar nəzərə çarpır. Sanki bu regionla bağlı ibtidai dini təsəvvürlər onun müasir geopolotikasına da təsir edibdir.
Bu dini təsəvvürlər isə prinsipcə, hamıya yetərincə bəllidir. Əvvəlcə yəhudilər və ərəblər doğrudan-doğruya inanırdılar ki, bu ərazi Tanrı ilə təmas – rabitə üçün xüsusi seçilmiş torpaqdır və dünyanın ən son senairisi də bu torpaqda gerçəkləşəcəkdir. İndi isə bu təsəvvürlərə daha çox insan inanmağa başlayıbdır. Çünki bu müstəvidə bir sıra yeni dini sektalar meydana çıxıb ki, onlar təsəvvürlərini hətta siyasətçilər arasında yaymağa müvəffəq olublar.

Bir dəfə bu haqda rusiyalı politoloq və filosof Aleksandr Duqin də yazmışdı. Düzdür, bu adam həmişə mübahisəli fikirlərilə diqqəti cəlb edib və onun Yaxın Şərqin mistik geopolitikası ilə bağlı yazdıqları barədə də də xeyli mübahisə açmaq olar.

Amma əsas odur ki, belə dini-siyasi təsəvvürlər heç də boş yerdən qaynaqlanmır – məsəl var, deyirlər ki, od yanmasa, tüstü çıxmaz. Həm də düşünmək ki, Yaxın Şərqə belə böyük maraq yalnız və yalnız onun enerji ehtiyatları bağlıdır – bu, əlbəttə ki, sadəlövhlük olardı. Hərçənd ətalət üzrə hələ də çoxu bu cür düşünür, halbuki bu mövzuda əvvəldə dediyimiz kimi, modern dini siyasi doktrinlər qurulur: “Vəd olunmuş torpağ”a qayıdış, bu torpaqda sonuncu düşmənlə böyük savaş və nəhayət ki, messiyanın dönüşü – yox, bu, hansısa fantastik əsərin süjeti deyildir, min illərlə mövcud olan, son illərdə isə hətta geopolitikaya sirayət edən dini inanclar və təsəvvürlərdir...

Bəli, ilk baxışda demək olar ki, bütün bunlar qeyri-normal bir təxəyyülün təzahürüdür və israr etmək olar ki, İranın daim gündəmdə olması bu ölkənin siyasi-ideoloji özəlliklərilə, onun regional və qlobal geosiyasi çağırışları ilə bağlıdır. Bəli, iranlı siyasətçilər daim vurğulayırlar ki, onların ən birinci, hətta nüvə silahı əldə olunacağı təqdirdə ən əsas və təxirəsalınmaz hədəfi İsrail olacaqdır.

Bunun özü də bizə həmişə təəccüblü və anlaşılmaz görünübdür. Doğrudanmı, İran ərəblərin özündən də daha artıq ərəb təəssübkeşidir? Doğrudanmı Fələstin məsələsi onun üçün bu qədər önəmlidir?

Düşünürük ki, heç də belə deyil. Daha düzgünü bu olardı ki, etiraf edəsən ki, hər iki tərəfdən dini motivlərə daha çox önəm verilir. İsrailin və müttəfiqlərnin geosiyasi esxatologiyası haqda artıq yazdıq.

Elə İran da bir tərəfdən regionda “şiə zolağı”nın hədəfə götürüldüyünü iddia edir, digər bir tərəfdən də lap ibtidai dini təsəvvürlərə də biganə və etinasız olmadığını büruzə verir.

Ən çox narahatlıq yaradan isə budur ki, rəngarəng və ya müxtəlif dini sektalar ABŞ-da özlərini daha əlverişli vəziyyətdə hiss edirlər və bir daha deyirik ki, hətta ölkənin siyasi və iqtisadi elitasına da yol tapırlar.

Ona görə də düşünmək lazım deyil ki, 12 may məsələsi yalnız jurnalistlər tərəfindən şişirdilən bir məsələdir. Yox, belə deyil. Ya İranın timsalında daim bir şər ünvanı təsəvvürünü formalaşdırrmaq bunlara sərf edir, ya da bu qaynar qazanın qapağı axır ki, bir gün götürüləcəkdir...

Bəli, İsrailin baş naziri B.Netanyahu yorulmadan vurğulayır ki, ölkəsi İranla müharibəyə hazırdır. Amma bu müharibə baş verərsə, bütün hallarda heç də asan müharibə olmayacaqdır. Əgər asan iş olsaydı, Təl-Əviv bu savaşı çoxdan özü başlayardı, daha ABŞ-ı bu müharibəyə qatmağa çalışmazdı.

Hüseynbala Səlimov
AzNews.az