Milli Məclisin Heydər Əliyevin 95 illiyinə həsr edilmiş iclası başa çatıb. Milli Məclisin Heydər Əliyevin 95 illiyinə həsr edilmiş iclası başa çatıb.

Milli Məclisin xüsusi iclası keçirilib - Yenilənib

Milli Məclisin Heydər Əliyevin 95 illiyinə həsr edilmiş iclası başa çatıb.

Millət vəkili Azay Quliyev deyib ki, Heydər Əliyev Azərbaycanı məhv olmaq təhlükəsindən qurtarıb, Xalq Cümhuriyyətinin irsinə sahib çıxıb, müstəqilliyimizi əbədi edib.

Millət vəkili Nizami Cəfərov Heydər Əliyevin mədəniyyət siyasətinin mənən, ruhən Azərbaycanı yüksəltdiyini söyləyib: “Heydər Əliyev həm tarixi sərvətimiz, həm də gələcəyimizdir”.

Milli Məclisin vitse-spikeri Bahar Muradova qeyd edib ki, Heydər Əliyev cismən aramızda olmasa da, 15 il ərzində onun yada salınmadığı an olmayıb: “Biz Heydər Əliyev yoluna sadiq olmalıyıq. Heydər Əliyev sağlığında yalnız öyülmürdü, həm də kəskin tənqid edilirdi. Onu tənqid edənlərdən bəziləri bu gün parlamentdə oturan həmkarlarımızdır. Onlar bir zaman Heydər Əliyevə opponentlik edirdilərsə, bu gün buna ehtiyac görmürlər. Heydər Əliyev böyük azərbaycanlı olduğu üçün xırda nöqsanları bağışlayırdı. Heydər Əliyevin bütöv şəxsiyyət olması bir daha təsdiqini tapır. Bu gün parlamentdə zamanında Heydər Əliyevə opponentlik etmiş şəxslər onunla bağlı fikir söyləmədilər. Nədən çəkinirsiniz?! Sosial şəbəkələrdən?”

B. Muradova Heydər Əliyevin zamanında iş keyfiyyətlərini nəzərə alaraq vəzifələrə təyin etdiyi bəzi insanların xəyanət yolu tutduqlarını söyləyib: “Təəssüf ki, həmin insanlar iş keyfiyyətinə görə vəzifələrə təyin edilsələr də, zamanla mənəvi keyfiyyətləri olmadıqlarını ortaya qoyublar. Heydər Əliyevin xatirəsinə isə hər zaman ehtiram göstəriləcək”.

Daha sonra Heydər Əliyevin xatirəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Bununla da, parlamentin xüsusi iclası başa çatıb.

***
13:40

Azərbaycan Milli Məclisində Heydər Əliyevin 95 illiyinə həsr olunmuş xüsusi iclas keçirilir.

APA-nın məlumatına görə, iclası açıq elan edən Milli Məclisin sədri Oqtay Əsədov Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında xidmətlərindən danışıb.

Millət vəkili Zahid Oruc Azərbaycan xalqının xilaskarı adlandırdığı Heydər Əliyevin tarixdə yerini aldığını bildirib: “Meksikada Heydər Əliyevin bir heykəlini götürdülər. Ancaq Heydər Əliyevin gücü heykəllərdə deyil. Bir heykəl belə olmasa, Heydər Əliyevin ürəklərdə ucalan heykəli hər zaman qalacaq. Nə zamansa hakimiyyətdə Əliyev soyadlı şəxs olmasa belə, Heydər Əliyev kursu hər zaman hakimiyyətdə olacaq. Prezident İlham Əliyev 1990-cı illərdəki çağırışlardan da ağır çağırışlarla üzləşib, bu çətinlikləri uğurla aşıb. Mənim aləmimdə İlham Əliyev 57 yaşlı Heydər Əliyevdir”.

Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov Heydər Əliyevin böyük ədib Hüseyn Cavidin nəşini Sibirdən Azərbaycana gətirtməklə Azərbaycan insanının qürurunu özünə qaytardığını söyləyib. Millət vəkili Aqiyə Naxçıvanlı Heydər Əliyevin müasir Azərbaycanın ideoloji əsaslarını yaratdığını deyib.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Heydər Əliyevin böyük azərbaycanlı olduğunu vurğulayıb: “Heydər Əliyev heç vaxt ədalətsizliyə yol verməyib. Təki bugünkü çıxışların biri, ikisi 1990-cı illərində əvvəlində bir qəzetdə işıq üzü görəydi, Heydər Əliyev də bunu görəydi. Heydər Əliyevi yandıran o idi ki, vaxtilə çörək verdiyi insanlar bu parlamentdə onun üzünə dururdular. Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasətinin davam etdirilməsində böyük rol oynayır. Bizim vəzifəmiz Heydər Əliyev siyasətinin davamçısı olan prezident İlham Əliyevi dəstəkləməkdir. Bizim borcumuz Azərbaycanın müstəqilliyini qorumaqdır”.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Heydər Əliyevin elm və təhsilə xüsusi diqqət yetirdiyini bəyan edib: “Heydər Əliyevin SSRİ dövründə Moskvaya oxumağa göndərdiyi gənclərin içərisində mən də var idim. Bu gün Azərbaycanda elmi məktəblərin əksəriyyətinin rəhbəri məhz Heydər Əliyevin SSRİ-nin müxtəlif şəhərlərinə oxumağa göndərdiyi insanlar, yaxud o insanların tələbələridir”.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov 1995-ci ildə qəbul edilən Konstitusiyanın hüquqi və demokratik cəmiyyət quruculuğunun əsasını qoyduğunu nəzərə çatdırıb. Heydər Əliyevin rəhbərliyi ilə aparılan hüquqi islahatlardan söz açan Z. Əsgərov bu il aprelin 11-də keçirilən prezident seçkilərinin nəticələrinin Azərbaycan xalqının Heydər Əliyev siyasətinin davamına və inkişafa səs verdiyini göstərdiyini söyləyib.

İclas davam edir.

***
12:10

Bu gün Milli Məclisin xüsusi iclası başlayıb.

APA-nın məlumatına görə, iclas Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilib.

AzNews.az