Qonşusunda inqilab görən...

Hər şeyə “Ondan bizdə niyə yoxdur?” reaksiyası vermək də bir şey deyil. Bəzən hətta gülünc mənzərəyə də gətirib çıxara bilir. Yəqin sizin də yadınızdadır: “O əjdahadan bizdə niyə yoxdur?”...

“Əjdaha məsələsi” alınmasın deyə, siyasi proseslərə daha ciddi və həssaslıqla yanaşmaq lazımdı. Məhz buna görə deyirlər ki, ağıllı insanlar və cəmiyyətlər başqalarının səhvlərindən öyrənənlərdir.

Başqalarının səhvlərini bilmək üçün isə lap V.Mayakovskinin bir şeirində olduğu kimi, nəyin yaxşı, nəyin pisin olduğunu bilmək gərəkdir.

Ümid edirəm ki, söhbətin artıq inqilablardan, xüsusən də Ermənistan inqilabından getdiyinin fərqindəsiniz. Çünki son illərdə sosial-ictimai nisgil deyilən bir fenomen də yaranıb, qonşuluqda və ya uzaqalarda hər hansı bir proses baş verən kimi azərbaycanlıların bir qismi dərhal “Ondan bizdə niyə yoxdur?” soruşurlar.

Bir az əvvəldə ərz elədik ki, ağıllılar başqalarının səhvlərindən öyrənirlər. Demirik ki, inqilablar, ümumiyyətlə, sosial fəlakətdir və onları təbii fəlakətlər kimi tamam kənara tullamaq lazımdır. Yox, belə olsaydı, insanlar Böyük Fransa İnqilabından qürurla danışmazdılar. Əgər belə olsaydı, Ümumdünya İnsan Haqları Bəyannaməsində “Hökumətlər elə idarə etməlidir ki, cəmiyyətlər onları devirmək məcburiyyətində qalmasın!” yazılmazdı...

Təbii ki, inqilablar da sosial-siyasi dəyişikliklərin bir mexanizmidir. Amma yeganə mexanizmidirmi? Ən yaxşı mexanizmidirmi? Bax, məsələ də bundadır. Hətta onu da anlayırıq ki, ekstrim, adrenalin həvəskarları inqilabları daha çox sevirlər.

Amma siyasət, eləcə də cəmiyyətin həyatının digər sferaları macəra deyil və macəraçılığı da qətiyyən sevmir. O səbəbdən də qonşusunda inqilab görən xalq özünə islahat arzulamalıdır ki, ölkədə sosial-siyasi təlatümlər yaşanmasın.

Elə bir ölkə yoxdur ki, orada dəyişikliyə ehtiyac olmasın. Dəyişiklik yoxdursa, deməli, inkişaf da, hətta həyat da yoxdur. Bunu kimsə inkar etmir. Di gəl, təkrar soruşuruq: İnqilablar həqiqətənmi dəyişikliklərin ən yaxşı və yeganə yoludur?

İnanın ki, belə deyildir. Belə olsaydı, bəşər tarixi yalnız və yalnız inqilablardan ibarət olardı. Belə olsaydı, ağıllı insanlar “Ən yaxşı yol təkamüldür” deməzdi. Belə olsaydı, inqilabların azı, doxsan faizi təkrar restavrasiya ilə nəticələnməzdi...

Əvvəldə dedik ki, hər şeyə tamarzıyıb, “Bundan bizdə niyə yoxdur?” deyə heyfislənməyə gərək yox. Azərbaycanda da inqilab olmuşdu, özü də Ermənistandakı inqilabdan da düz 26 il əvvəl, həm də qansız-qadasız. Bu mənada “rəngli inqilablar”dan tamarzılanmağa gərək yoxdur.

Amma nəticəsi nə oldu? Bəli, qansız-qadasız inqilab bir ildən sonra demək olar ki, qanla bitdi. Özü də bu, təkcə Azərbaycan üçün xarakterik deyil. Çox ölkələrdə belə olub – inqilablar gec-tez öz əsl rəngini tapır. Bu rəng isə təəssüf ki, bir çox hallarda al qırmızı olur...

Ona görə də Ermənistan inqilabı ilə bağlı yekun nəticələrə tələsməyək, onun da əsl rəngi hələ sonra bilinəcək. Bir məsələ də var. İnqilablar siyasi mədəniyyətin deyil, inqilab baş verən ölkənin siyasi sisteminin nə qədər qüsurlu olmasının göstəricisidir. Məsələn, Sarkisyan ömürlük hakimiyyətdə qalmaq eşqinə düşməsəydi, Ermənistanda inqilab olardımı?

Axır vaxtlar bir tendensiya da yaranıbdır. Elə iddia edirlər ki, guya rəngli inqilablar tamam yeni hadisədir; birinə “narıncı”, digərinə “qızılgül”, başqa birisinə isə “məxməri inqilab” deyirlər. Amma nəticə etibarilə hamısı birdir – inqilabdır...

Bir ara ərəb ölkələrində böyük proseslər başlandı, adına da “ərəb bahar”ı dedilər. Nəticəsi nə oldu? Liviyada tayfa-qəbilə müharibəsi gedir, Suriya cəhənnəmə çevrilib, Misir isə demək olar, əvvəlki vəziyyətə qayıtmaqla özünü təlatümlərdən birtəhər hifz edə bildi.

Sovet məkanındakı “rəngli inqilablar” da qibtə üçün elə bir əsas vermir: nə Gürcüstanda, nə də Ukraynada “rəngli inqilablar”ın liderlərinə heykəl qoymağa tələsmirlər. Gürcü inqilabının lideri Saakaşvili ölkəsinə qayıda bilmir. Birinci Ukrayna inqilabının lideri Yuşşenko ikinci seçkisini biabırçı nəticələrlə uduzdu, ikinci inqilabın təşkilatçılarından biri olan Poroşenko isə hələ çabalamaqdadır, amma düşünmürük ki, bundan bir nəticə alınsın...

Həm də inqilabları daha çox səbirsiz adamlar sevirlər. Məntiqləri də budur ki, on illərlə islahat aparmaqdansa, bir dəfə inqilab edirsən və hər şey dərhal yerbəyer olur!

Amma vallah, belə deyil. İnqilablar hər şeyi həll etsəydi, Fransada bir əsrdə az qala, dörd inqilab olardımı? İnqilablarla hüquqsuzluğa, siyasi volyuntarizmə birdəfəlik son qoymaq mümkün olsaydı, Fransada bunun biri bəs etməzdimi? İnqilabla aclığa, yoxsulluğa birdəfəlik son qoymaq mümkün olsaydı, Sovetlər Birliyi dağılardımı?

Ona görə də gəlin, hər baş verən hadisəyə tamarzıyıb “Bundan bizdə niyə yoxdur?” deyə soruşmayaq. Heç olmasa, “Bunu artıq görmüşük” deyək...

Hüseynbala Səlimov
AzNews.az