- Köhnə - Siyasət
- 30 May 2018 17:45
- 5 577
“Cənub qaz dəhlizi” Azərbaycanın nüfuzunun daha da artmasına xidmət edir - Aydın Hüseynov
Bu layihə birinci növbədə Azərbaycanın və onun prezidenti İlham Əliyevin siyasi qətiyyətinin təntənəsidir. Bu, iqtisadi məna kəsb etməklə yanaşı, Azərbaycanın siyasi nüfuzunun daha da artması, Cənubi Qafqazda böyük potensiala malik olması deməkdir.
Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov dünən rəsmi açılışı baş tutan "Cənub qaz dəhlizi" layihəsini şərh edərkən dedi.
Deputat AzNews.az-a açıqlamasında vurğuladı ki, sözügedən layihə ölkəmiz üçün uzun illər ərzində dayanıqlı gəlir gətirən, milli iqtisadiyyatımızın inkişafına xidmət edən böyük bir hadisədir:
"Azərbaycan bu layihədə həm ixrac edən, həm də tranzit ölkə kimi öz iqtisadi səmərəsini götürəcək. Bununla yanaşı, ölkəmizə böyük həcmdə investisiya cəlb olunacaq, xeyli sayda iş yerləri açılacaq. Eyni zamanda, yüksək maliyyə qaynaqlarına malik olan transmilli şirkətlər də burada fəaliyyətə başlayacaq. Bu şirkətlərdə çalışan işçilərin ən azı 90 faizi də Azərbaycan vətəndaşları olacaq. Layihənin əhatə etdiyi ölkələrlə mədəni, iqtisadi və ticarət əlaqələrimiz daha da genişlənəcək. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində bir qarant rolu oynayaması ilə yanaşı, Avropa ölkələrinin də Azərbaycana siyasi dəstəyi, iqtisadi partnyorluğu daha da güclənəcək. Bütövlükdə isə "Cənub qaz dəhlizi" Azərbaycanın müstəqilliyinin, onun nüfuzunun daha da artmasına, möhkəmlənməsinə xidmət edir".
A.Hüseynov qeyd etdi ki, Azərbaycan digər dünya dövlətləri ilə öz iqtisadi, diplomatik münasibətlərini yüksək səviyyədə qurmasaydı, indi bu kimi layihələrə imza atmaq çox çətin olardı. Azərbaycan bütün dünya dövlətləri ilə öz xalqının mənafeyinə uyğun, balanslaşdırılmış siyasət həyata keçirir. Bunun nəticəsidir ki, Azərbaycan artıq dünyada etibarlı bir tərəfdaş kimi tanınır:
"Ölkəmiz son illər ərzində üzərinə götürdüyü bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirir, beynəlxalq hüquq normalarına hörmətlə yanaşır. Bütün bunların nəticəsidir ki, Bakı Tbilisi Qars dəmir yolu kimi böyük, tarixi bir layihədən sonra "Cənub qaz dəhlizi"nin açılışını etdik".
Elgün Mənsimov
AzNews.az