Yer bəlli, görüşənlər bəlli, mövzu isə...

ABŞ və Rusiya prezidentlərinin iyulun 15-də Avstriyada görüşəcəyi haqda ilkin xəbərlər mövzunu intensiv şəkildə çözməklə məşğul olan siyasi təhlilçilərin arasında bir növ müəyyənlik yaratdı: əgər onlar indiyədək prezidentlərin görüşüb-görüşməyəcəyi sualını araşdırırdılarsa, artıq görüş zamanı hansı problemlərin müzakirə ediləcəyini və görüşün yarada biləcəyi dəyişiklikləri təxmin etməklə məşğuldurlar.

Amma nəzərə çarpan bir detal var: təhlilçilər hipotezləri araşdırmaqla məşğuldurlar. Çünki prezidentlərin görüşü ikinci ildir müzakirə olunsa da insanlar hansı məsələlərin çözüləcəyini bilmir, Vaşinqton və Moskva isə bu məsələyə aydınlıq gətirməyə tələsmirlər.

Hiss olunan budur ki, Vaşinqtonda siyasi isteblişment əslində görüşün baş tutmasında maraqlı deyil və uzun müddətdir ki, buna yalnız Trampın özü can atır. Ən maraqlısı isə budur ki, prezident D.Tramp bu müstəvidə o qədər ziddiyyətli açıqlamalar verir ki, adam tamamilə çaş-başa qalır. Qeyri-ixtiyari düşünürsən ki, əcəba, bu adam V.Putinlə görüşə niyə belə tələsir?

Bu yaxınlarda Tramp belə bir açıqlama ilə çıxış etdi ki, guya, o, Rusiyaya qarşı çox kəskin siyasət aparır və Kremldə onun hakimiyyətə gəlməsindən tamam peşman olublar, düşünürlər ki, H.Klinton prezident olsaydı, daha yaxşı olardı.

Kremldəki ovqatı bilmirik. Lakin düşünürük ki, Klinton heç vaxt deməzdi ki, Krım Rusiyanın olmalıdır, çünki burada hamı rus dilində danışır... Klinton indiki halda heç vaxt “Böyük yeddilər”in sayını yenidən Rusiyanın hesabına səkkizə çatdırmağı təklif etməzdi. Klinton heç bir halda monoton şəkildə “Rusiya ilə dil tapmalıyıq!” deyə israr etməzdi...

Həm də yaxşı olardı ki, D.Tramp Kremlin onun hakimiyyətə gəlməsindən niyə peşman olduğuna aydınlıq gətirəydi: bəlkə Kreml indi sadaladığımız bəyanatlara görə peşmandır?

Başa düşürük, səbrsiz oxucular üçün iki fövqəldövltin münasibətlərindəki incəliklər bəlkə də bir o qədər maraqlı deyil. Amma nə etmək olar? Biz bəzən öz problemlərimizin açarlarını da böyük dövlətlərin təmaslarında axtarmalı oluruq.

İndi də belədir. İstər Dağlıq Qarabağ problemi olsun, istərsə də Ukrayana və ya qeyri məsələ, hətta Ermənistanın mümkün geosiyasi dreyfləri belə, ciddi şəkildə bu təmaslardan asılıdır. Demirik ki, Tramp və Putin görüşəcəyi təqdirdə bütün bu spektri müzakirə edəcəklər. Yox, sadaladığımız bu kiçik siyahıdan belə yalnz Ukrayna probleminin gündəmə gəlməsi real görünür.

Ən əsası isə başqa məsələdir. Artıq əvvəllər də qeyd etmişik ki, D.Tramp Rusiya ilə dünyanı “bölməyə” daha meyllidir. Bu bölgüdə isə Kremlin nəzarətinə keçə biləcək ən real bölgə keçmiş sovet məkanı, daha doğrusu, onun bir hissəsidir. Ona görə də Cənubi Qafqaz münaqişələri Trampın bəlkə heç yadına da düşmür.

Ancaq xoşbəxtlikdən Trmp tamam sərbəst deyil və “ABŞ siyasət maşını” deyilən bir mexanizm də var. Məhz onun təzyiqinin nəticəsidir ki, Tramp özünü sərbəst hiss etmir və gələcəkdə də hiss etməyəcək. Elə bu səbəbdən düşünürük ki, bu “tarixi” görüş baş tutarsa belə, o, hansısa nəticə ilə yadda qalmayacaq.

Əgər Ukrayna problemini götürsək, yaxın vaxtlardaca baş vermiş bir detalı oxucuların diqqətinə çatıdırmaq düzgün olardı. Jurnalistin “Ruisya hansı şərtlər daxilində Krımı qaytara bilər?” sualına V.Putinin cavabı çox lakonik oldu: “Belə şərtlər yoxdur!”...

Ona görə də görüş baş tutsa, daha ehtimal olunanı budur ki, prezidentlər Suriya, Şimali Koreya və İran problemilə bağlı qeybətləşəcək və ola bilsin, Tramp Putinin Çinlə bağlı mövqeyini öyrənməyə çalışacaq.

Lakin Rusiya üçün hətta nəticəsiz görüşlər belə faydalıdır. Çünki təcavüzkar üçün ən qorxulusu, ümumiyyətlə, təcrid olunmaqdır. Ruslar da daha çox bundan ehtiyat edirlər. Vaşinqtonda da D.Trampdan başqa hamı məhz bunda israr edir.

O ki qaldı bir daha bizim əsas problemimizə, Dağlıq Qarabağ məsələsinə, bu yaxınlarda Azərbaycan prezidentinə ünvanladığı bir neçə məktubda ABŞ prezidenti bu məsələyə də toxunmuşdu. Etiraf edirik ki, bu mesajlar ümidləri bir az da artırmışdı. Di gəl, ABŞ diplomatları hələ ki, Dağlıq Qarabağ müstəvisində elə bir fəallıq göstərmirlər.

Burada bir düşündürücü detal var. Rusiyanı D.Tramp üçün maraqlı edən nədir? Əlbəttə ki, hərbi gücü və bir də məqsədlərində çox israrlı olması.

Hələ U.Çerçill yazırdı ki, ruslar yeganə xalqdır ki, yalnız güclə hesablaşırlar. Düşünürük ki, bunu bütün xalqlarla bağlı olmasa da, hər halda, bütün hakimiyyətlərlə əlaqəli demək olar. Məgər ABŞ özü də hər şeydən öncə güclə hesablaşmırmı?

Ona görə də bir qədər çeynənmiş və yorucu fikir olsa da, deməliyik ki, biz də öz növbəmizdə çalışıb güclü olmalıyıq. Başqa yol yoxdur; tramplar gəlib-gedəcək, birinci prezidentlik müddətlərini “Azərbaycan” sözünü tələffüz etməyi öyrənməyə, ikinci müddətlərini isə Azərbaycanla Ermənistanı “barışdırmağa” həsr edəcəklər...

Bizə bu lazımdırmı? Əlbəttə, yox. Ona görə də öz probleminə diqqət çəkməyin bir yolu var: özün kimin üçünsə problem olmalısan. Hazırda Dağlıq Qarabağ problemi böyük güclər üçün müəyyən mənada problem deyil: onların iqtisadi maraqlarına təhdid yoxdur, arabir pozulsa da, atəşkəs rejimi orta hesabla gözlənilir və s. və i.

Bizə qarşı ədalətsizlik baş verib, torpaqlarımız işğal olunubdur. Buna qarşı hamıdan əvvəl özümüz dözümsüz olmalıyıq ki, bu hiss digərlərinə də sirayət etsin...

Hüseynbala Səlimov
AzNews.az